Ukrayna Avropaya ultimatum verdi

“O zaman bugünə qədər etdiyimiz bütün hər şey məntiqi olaraq məhv edilmiş olacaq”

“Almaniya, Fransa və Avropa Şurasının digər ölkələrinin nümayəndələri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvinə nail olsa, o zaman Ukrayna Minsk razılaşmasının şərtlərini yerinə yetirməyəcək”.

Bu barədə Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin bəyan edib.

“Əgər siz bir neçə dövlətin istədiyi kimi sanksiya təzyiqinin ləğvinə getsəniz, mən elə həmin gün çıxıb deyəcəm ki, biz artıq “Minsk”də yoxuq və onu nəinki Rusiya, həm də siz öldürdünüz”, - deyə Klimkin Avropa ölkələrindən olan həmkarlarına müraciətində bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya Donbass sakinlərinə öz pasportunu verməyə başlayandan sonra bu ölkəyə qarşı sanksiyaları aradan qaldırmaq olmaz: “O zaman bugünə qədər etdiyimiz bütün hər şey məntiqi olaraq məhv edilmiş olacaq”.

Xatırladaq ki, Çexiyanın XİN rəhbəri Tomaş Petrşiçek bu gün açıqlamasında qeyd edib ki, Avropa İttifaqı pasport məsələsinə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırmır. Analoji çıxışı Rumın Xarici İşlər naziri Teodor Meleşkanu da edib.(qafqazinfo.az)

AzNews.az