Məsələni qarşıduran tərəflərin siyasi iradəsi həll edəcək Məsələni qarşıduran tərəflərin siyasi iradəsi həll edəcək

ABŞ-İran müharibəsi olacaqmı? - Avropa Birliyi dövriyyəyə girdi

Məsələni qarşıduran tərəflərin siyasi iradəsi həll edəcək

ABŞ-İran münasibətlərindəki gərginlik davam etməkdədir. Bu arada Avropa Birliyi hər iki tərəfi mövcud gərginliyin daha da artmasının qarşısını almağa çağırıb. Avropa Birliyinin xarici siyasət idarəsinin sədri Federika Mogerini bildirib: "Biz elə bir mühüm, incə bir zamanda yaşayırıq ki, bizim sərgiləyə biləcəyimiz ən münasib və ən etibarlı mövqe maksimum dərəcədə təmkin göstərib, hərbi gərginliyin qarşısını almaqdır.

Bəs, ABŞ-la İran arasında müharibə ehtimalı nə dərəcədədir, bu konteksdə Avropa Birliyi hansı maraqları müdafiə etməyə çalışır, onun çabası müharibə ehtimalını, qarşılıqlı hədələri dəf edə biləcəkmi?

Bu kimi suallarla politoloq Natiq Miriyə müraciət etdik. O, iddia etdi ki, qarşıduran tərəflər olan ABŞ və İranın heç biri indiki vəziyyətdə müharibə istəmir:

"ABŞ prezidenti Donald Tramp özünə yaxın televiziya kanalına müsahibəsində də bunu birmənalı açıqladı. Bildirdi ki, ABŞ müharibə etməkdə maraqlı deyil. Onu da etiraf etdi ki, doğrudur, ABŞ-da müharibə istəyən bir şəbəkə var və bunun hərbi sənaye kompleksi olduğunu da açıqladı. Biznesmen olan və hər qəpiyini hesablayan Tramp anlayır ki, İran kimi bir dövlətlə müharibə etmək ABŞ-ın indiki durumu ilə heç də müsbət nəticələrə gətirib çıxarmayacaq. Ayrıca, ABŞ onu da anlayır ki, müharibə olacağı təqdirdə təkcə Yaxın Şərq və o bölgələrdə ABŞ-ın geosiyasi maraqları və obyektləri hədəf olmayacaq, eyni zamanda, ABŞ-ın bölgədəki müttəfiqləri, xüsusilə də İsrail və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn kimi ölkələr də çox rahatlıqla İranın hədəfinə çevriləcək. Çünki bu ölkələri vura bilmək üçün İran dövləti ballistik raketlər potensialına malikdir. Ona görə də ABŞ bu problemləri hesablayaraq indiki vəziyyətdə müharibə etmək istəmir. Sadəcə, müəyyən təzyiqlər və güc nümayişi ilə, xüsusilə də iqtisadi sanksiyalar vasitəsilə İranı bu iddialardan geri çəkilməyə və nəticə etibarilə yeni nüvə müqaviləsini ABŞ-ın istədiyi formada bağlamağa vadar etmək istəyir. Lakin düşünmürəm ki, bütün bunların müqabilində İran geri çəkilsin. Çünki İran anlayır ki, bu cür basqıların sonu gəlməyəcək. Hətta İran güzəştə getmiş olsa belə növbəti təzyiq mexanizmləri dövriyyəyə buraxılacaq ki, İran güclü bir dövlət olmasın. Bu məsələdə təkcə ABŞ deyil, onun müttəfiqi İsrail də maraqlıdır".

O ki qaldı Avropa Birliyinin (AB) bu məsələ ilə bağlı "çırmanmasına", N.Miri vurğuladı ki, AB indiki vəziyətdə heç bir tərəfi tutmur, onun özünün geosiyasi və təhlükəsizlik maraqları mövcuddur:

"Bilirsiniz ki, İranla bağlanan 5+1 Nüvə Müqaviləsinin əsas tərəfdaş ölkələri əsasən Avropa Birliyi ölkələridir. Burada Almaniya, Böyük Britaniya, Fransa kimi ölkələrdən söhbət gedir. ABŞ bu müqavilədən birtərəfli qaydada çıxdığını bəyan etsə də onun şərtləri, götürülən öhdəliklər hələ də davam edir. AB də anlayır ki, əgər indiki şəraitdə İran-ABŞ qarşıdurması baş verərsə, İran bu müavilənin şərtləri və öhdəliklərindən imtina edərək yenidən uranın daha çox zənginləşdirilməsi və bu konteksdə nüvə bombasının ortaya çıxması araşdırmalarına başlayacaq. Bu da gələcəkdə bütün dünya üçün təhlükə vəd edir. Avropa Birliyi məhz bu reallığı dərk edərək ortaya girib. Təbii ki, bu konteksdə həm də AB-nin iqtisadi maraqları mövcuddur.

"AB sadəcə özünün iqtisadi, maliyyə və hərbi təhlükəsizlik baxımından dövriyyəyə girib ki, ən azından bu prosesin qarşısını almaq mümkün olsun. Ancaq hər bir halda əsas məsələ qarşıduran tərəflərin siyasi iradəsi olacaq. Bu iradə çərçivəsində isə hər iki ölkənin rəsmiləri müharibə istəmirlər" - deyə, politoloq qeyd etdi.

Elgün
AzNews.az