Rusiya Şimali Koreyanın xəbərdarlığından narahatdır - Mixail Ulyanov

"Danışıqlar çıxılmaz olmasa da pis vəziyyətdədir"

Rəsmi Moskva Şimali Koreyanın ABŞ-la nüvə danışıqlarını dayandıra biləcəyi barədə xəbərdarlığından narahatdır.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov deyib.

"Stokholmda keçirilən görüşdən sonra məlum oldu ki, ABŞ və KXDR (Koreya Xalq Demokratik Respublikası) arasında danışıqlar çıxılmaz olmasa da pis vəziyyətdədir. KXDR-in danışıqların 2019-cu ilin sonuna qədər bitməsi barədə xəbərdarlığı narahat olmağa əsas verir", - deyə Ulyanov rəsmi "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, oktyabrın 5-də Stokholmda Birləşmiş Ştatlar və Şimali Koreya arasında ilkin görüşlər keçirilib. İş səviyyəsində danışıqlar isə ertəsi gün başlayıb, elə həmin gün də kəsilib.

İsveçin "Dagens Nyheter" gündəlik qəzetinin verdiyi məlumata görə, Şimali Koreyanın nümayəndəsi Kim Men-Gil ABŞ-ın danışıqlara hazır olmadığına görə məyusluğunu bildirib.

Digər tərəfdən ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus iki ölkə arasında saatlarla aparılan danışıqların konstruktiv xarakter daşıdığını qeyd edib. O, həmçinin ABŞ nümayəndə heyətinin Şimali Koreya ilə danışıqlara davam etmək üçün İsveçin iki həftə sonra Stokholma qayıtmaq təklifini qəbul etdiyini deyib.

Pərvanə

AzNews.az