Bu ölkədə yanvardan peyvəndə start veriləcək

COVID-19 vaksini digər peyvəndlər kimi təhlükəsiz olacaq

İspaniya hökuməti yeni növ koronavirusa qarşı peyvəndin istifadəsinə yanvardan başlayacaq.

AzNews.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra səhiyyə naziri Salvador İlla bildirib ki, 13 min xəstəxanada vaksinin tətbiqi həyata keçiriləcək. Artıq bununla bağlı plan hazırlanıb və peyvənd məcburi şəkildə həyata keçirilməyəcək.

“COVID-19 vaksini digər peyvəndlər kimi təhlükəsiz olacaq”,- deyə İlla qeyd edib.

İspaniyanın Avropa İttifaqının müqavilə bağladığı şirkətlərdən 140 milyon doza miqdarında vaksin alacağını bildirən nazir peyvəndin əvvəlcə qocalar evindəki yaşlılara, oranın işçilərinə, səhiyyə əməkdaşlarına və əlillərə vurulacağını əlavə edib.

Proses 2021-ci ilin sonunadək aparılacaq və ispan xalqının 70 faizinə tətbiq edilməsi planlaşdırılır.

Səhiyyə naziri Avropa İttifaqının indiyədək 6, bundan sonra isə 7 firma ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Qeyd edək ki, ölkədə bu günədək 1 milyon 582 min 616 nəfərdə virus aşkarlanıb, 43 min 131 şəxs vəfat edib.