O, Sünikdə “torpaqların verildiyi” və ya belə təhlükənin yarandığı haqda iddiaları rədd edib O, Sünikdə “torpaqların verildiyi” və ya belə təhlükənin yarandığı haqda iddiaları rədd edib

"Ermənistan bütün dünyanın tanıdığı sərhədlərinə qayıdır" - Paşinyan

O, Sünikdə “torpaqların verildiyi” və ya belə təhlükənin yarandığı haqda iddiaları rədd edib

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanla sərhədin Zəngilan və Qubadlı istiqamətində son günlər baş verən proseslər haqda danışıb.

AzNews.az-ın xarici mediaya istinadən məlumatına görə, o bildirib ki, Ermənistan Sünik vilayətində (Zəngəzur) sərhədlərin demarkasiyasının yekunlarına əsasən özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərinə geri çəkilir. Və həmin sərhədlərin mühafizəsi üçün Rusiyanın sərhəd qoşunları cəlb olunur.

“Bu gün Rusiyanın sərhəd qoşunları və digər qüvvələr Sünikdə sərhədlərin mühafizəsnə cəlb olunub. Bu, təhlükəsizlik nöqteyi nəzərindən yeni reallıqdır”,-Paşinyan belə deyib.

O, Sünikdə “torpaqların verildiyi” və ya belə təhlükənin yarandığı haqda iddiaları rədd edib. Bildirib ki, reallıq tamam başqadır və Ermənistan öz ərazilərindən “bir metr də olsun” güzəştə getmir.

“Məsələ ondadır ki, həmin istiqamətdə Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar sahələrdə (Zəngilan və Qubadlı ərazilərinin işğal altında qalmış sahələrindən söhbət gedir,-red.) hərbi əməliyyatların bərpa edilməsi ehtimalı yüksək idi. Və əgər orada belə eskalasiya baş versəydi o zaman dalğa ortaya çıxacaq bütün nəticələri ilə birlikdə Sünik vilayətinə, Ermənistan ərazisinə də çatacaqdı”,-Paşinyan deyib.

Xatırladaq ki, 10 noyabr üçtərəfli razılaşması əldə olunarkən Ermənistan qüvvələri hələ Zəngilan və Qubadlının bəzi həmsərhəd ərazilərindəki mövqelərini saxlayırdı. Dünən isə həmin razılaşmaya uyğun olaraq erməni silahlıları Ermənistan ərazisinin içərilərinə geri çəkiliblər, Zəngilan rayonunun 1992-ci ildə işğal edilmiş Ağkənd kəndi də daxil olmaqla sərhədyanı ərazilərimiz Azərbaycanın nəzarətinə geri qaytarılıb. Sərhədlərin demarkasiyasına dair prosesin Qubadlı və Laçın istiqamətlərində aparıldığı bildirilir.

Paşinyan qeyd edib ki, sərhədlərin demarkasiyası (yəni Ermənistanın on illərdir işğal altında saxladığı ərazilərdən öz sərhədlərinə geri çəkilməsi) nəqliyyat və logistika baxımından çətinliklər yarada bilər. “Lakin bu məsələlər həll edilə biləndir”,-o deyib.