Hindistan ABŞ-a etiraz notası verib

Yeni Dehli Hindistanın ABŞ-ın San-Fransisko şəhərindəki Baş Konsulluğuna hücumla bağlı bu ölkəyə etiraz notası göndərib.

Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Radikal qruplaşma üzvlərinin Baş Konsulluğa hücumu ilə əlaqədar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüş keçirilib və vandalizmə qarşı kəskin etiraz ifadə olunub.

Hindistan tərəfi ABŞ hökumətinə diplomatik missiyanı qorumaq öhdəliyini xatırladıb, belə hadisələrin təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsi təklif olunub. Hindistanın Vaşinqtondakı səfirliyi bu narahatlıqları Dövlət Departamentinə də çatdırıb.

Martın 19-da ölkənin Pəncab əyalətində əhalisinin əksəriyyəti siqhizmin ardıcılları olan "Xalistan dövləti"nin yaradılmasının bir qrup tərəfdarı Hindistanın San-Fransiskodakı Baş Konsulluğuna hücum edib. “Press Trust of India”nın məlumatına görə, hücumçular diplomatik nümayəndəliyin ərazisinə soxulub və orada “müstəqil Xalistan”ın iki bayrağı sancıblar. Nümayişçilər konsulluğa da daxil olaraq iğtişaşlar törədib, qapı və pəncərələri dəmir barmaqlıqlarla sındırıblar.