İsrail XİN: İran AEBA-ya yalan danışmağa və beynəlxalq ictimaiyyəti aldatmağa davam edir

İsrail Xarici İşlər Nazirliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) İranın nüvə obyekti ilə bağlı təhqiqatını bağlamasının çox narahatedici olduğunu bildirərək tənqid edib.

“İranın ərazidə nüvə materialının olmaması ilə bağlı verdiyi izahatlar etibarlı və texniki cəhətdən mümkün deyil. İran AEBA-ya yalan danışmağa və beynəlxalq ictimaiyyəti aldatmağa davam edir", - nazirlik bildirib.

Qeyd olunub ki, AEBA baş direktorunun İranın siyasi təzyiqinə təslim olması çox məyusedicidir: “Çunki dosyedəki məlumatlar İranın təftiş razılaşmalarını açıq-aşkar pozmasına işarə edir”.

XİN işin bağlanmasının son dərəcə təhlükəli nəticələrə səbəb ola biləcəyini vurğulayıb: “Bu, iranlılara onların pozuntularına görə heç bir əvəz ödəmək tələb olunmadığına dair mesaj verir. İran beynəlxalq ictimaiyyəti aldatmağa davam edə bilər”.

İsrail XİN-in fikrincə bu həm də AEBA-nın peşəkar etibarına ciddi zərbə vurur.

Xatırladaq ki, ötən gün AEBA rüblük hesabatında İsrailin baş naziri Benyamin Netanyahunun 2019-cu ildə aşkarladığı İranda şübhəli nüvə obyekti ilə bağlı təhqiqatı dayandırdığını elan edib. Hesabatda bildirib ki, İran İslam Respublikası Abededə aşkar edilmiş uran hissəcikləri ilə bağlı mümkün izahat verib. Həmçinin Fordoda uran hissəciklərini 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı məsələnin də həllini tapdığı qeyd olunub.

Qeyd edək ki, bu gün İsrailin müdafiə naziri Yoav Qalant İran məsələsini şərh edərkən təhdidlərin artfığını bildirib: “Təhdidlər artır, yəhudi dövlətindən özünü qorumaq üçün hərəkətə keçməsi tələb oluna bilər”.