İsrail Dəməşqə raket zərbəsi endirib: İki nəfər ölüb

Suriyanın dövlət xəbər agentliyi SANA İsrailin bu gün səhər saatlarında paytaxt Dəməşqə raket hücumu həyata keçirdiyini, yaşayış binasının vurulması nəticəsində iki nəfərin öldüyünü, bəzilərinin isə yaralandığını bildirib.

İran və Hizbullahın yüksək vəzifəli şəxslərinin ziyarət etdiyi iddia edilən yaşayış binası Dəməşqin Kafr Sousa rayonunda yerləşir. Suriya ordusu da öz bəyanatında Kəfr Sousada yaşayış binasını hədəf alan raketlər nəticəsində iki mülki vətəndaşın öldüyünü açıqlayıb.

Suriyadakı müharibəni izləyən Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, raketlər mənzildə Suriya vətəndaşı olmayan iki nəfərin ölümünə səbəb olub.

Qrupun bildirdiyinə görə, küçədəki suriyalı mülki şəxs də qəlpələrin düşməsi nəticəsində həlak olub.

Əhalinin sıx məskunlaşdığı Kafr Sousa bölgəsində yaşayış yerləri və məktəblər, həmçinin İran mədəniyyət mərkəzləri və güclü mühafizə olunan təhlükəsizlik zonaları var.

Mövsüm

Aznews.az