Almaniya pilotsuz uçuş aparatlarına qarşı ilk birləşmiş müdafiə mərkəzini açıb

Almaniya pilotsuz uçuş aparatlarına qarşı federal və əyalət qurumlarını birləşdirən ilk müdafiə mərkəzini istifadəyə verib.

Aznews.az xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yeni mərkəz artan casusluq və sabotaj təhlükələrinə qarşı müdafiəni gücləndirmək, mövcud boşluqları aradan qaldırmaq məqsədilə yaradılıb.

Daxili işlər naziri Aleksandr Dobrindt bildirib ki, federal və əyalət orqanları artıq birgə fəaliyyət göstərir, ekspertizalarını birləşdirir və mövcud vəziyyətlə bağlı məlumat mübadiləsi aparırlar.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri tərəfindən idarə olunduğu ehtimal edilən və Avropa hava məkanını pozan dronlar müşahidə edilib. Bu səbəbdən NATO qırıcıları hibrid təhlükəni dəf etmək üçün havaya qalxmağa məcbur olub.

Mərkəz yaradılana qədər dronların aşkarlanması və onlara qarşı tədbirlər müxtəlif qurumlar tərəfindən pərakəndə şəkildə həyata keçirilirdi. Bundan sonra federal və əyalət polisi, eləcə də Almaniya Silahlı Qüvvələri mərkəzdə 24 saat birgə çalışaraq təhlükəsizlik təhdidlərinə sürətli və koordinasiyalı reaksiya verə biləcək.