Maduronun oğlu atasına edilən xəyanətdən danışdı

ABŞ xüsusi təyinatlılarının yatağındaca həbs etdiyi Venesuelanın sabiq prezidenti Nikolas Maduronun oğlu Nikolas Maduro Gerra atası və analığı Cilia Floresin ələ keçirilməsində hakimiyyət düşərgəsi daxilində mümkün xəyanətlərə eyham vurub.

AzNews.az xəbər verir ki, internetdə yayılan səs yazısında Gerra baş verənlərə görə məsuliyyət daşıyan şəxslərin gec-tez tarix qarşısında ifşa olunacağını bildirib. Onun açıqlamaları Nikolas Maduronun ətrafında formalaşmış Çavizm hərəkatı daxilində daxili parçalanmaların ola biləcəyinə işarə kimi dəyərləndirilir.

“Xəyanət edənlərin kim olduğunu tarix göstərəcək. Tarix bunu üzə çıxaracaq”, – deyə Maduro Gerra vurğulayıb.

La Guaira ştatından deputat olan və hakim Vahid Sosialist Partiyası (PSUV)-nin rəhbər fiqurlarından sayılan Maduro Gerra atasının tərəfdarlarına birlik və səfərbərlik çağırışı edib. O, partiya üzvləri və tərəfdarlarının 4 və 5 yanvar tarixlərində fəal şəkildə səfərbər olunmasının vacibliyini qeyd edib.

Maduro Gerra siyasi toparlanmanın və mənəvi ruh yüksəkliyinin qorunmasının önəmli olduğunu bildirərək, “xarici hücumlara” qarşı daha güclü siyasi və hərbi koordinasiyaya ehtiyac olduğunu deyib.

Açıqlamasında emosional məqamlara da toxunan Maduro Gerra bütün çətinliklərə baxmayaraq hərəkatın küçələrdə qalmağa davam edəcəyini vurğulayıb:

“Bizi zəif görmək istəyirlər. Biz yaxşıyıq, sakitik. Bizi xalqın arasında görəcəksiniz. Əlbəttə canımız yanır, əlbəttə qəzəblənirik, amma məqsədlərinə nail ola bilməyəcəklər.”

Maduro Gerra bu sözləri ilə həm tərəfdarlarına mesaj göndərib, həm də Venesuelada hakimiyyət daxilində mümkün daxili gərginliklərin artdığına dair siqnallar verib.

Mövsüm Novruzoğlu