Aİ Rodriqesi qanuni lider kimi tanımır

Avropa İttifaqı (Aİ) Venesuelanın yeni hakimiyyəti ilə - dünən and içmiş, prezident vəzifəsini icra edən Delsi Rodriqes ilə əlaqələri saxlamaq niyyətindədir.

Aznews.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.

Bundan əlavə, o vurğulayıb ki, Aİ Delsi Rodriqesi və Nikolas Maduronu demokratik seçilmiş qanuni ölkə rəhbəri hesab etmir.

"Bununla belə, biz öz maraqlarımızı qorumaq və prinsiplərimizi müdafiə etmək üçün Venesuela hakimiyyəti ilə məqsədyönlü dialoq aparacağıq", - A.Hipper bəyan edib.

O, həmçinin qeyd edib ki, Venesuelanın indiki hakimiyyəti "xalqın demokratik dəyişikliklərə olan iradəsi nəzərə alınmadan keçirilmiş seçki prosesi" nəticəsində mandat alıb. Bu baxımdan, ölkənin gələcəyi müxalifətin iştirakı ilə demokratik keçidə aparan inklüziv dialoq əsasında qurulmalıdır.

Aİ nümayəndəsi Delsi Rodriqeslə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edən ABŞ-nin mövqeyi ilə ziddiyyəti şərh etməyib, həmçinin bunun Brüssel və Vaşinqton arasında Venesuela məsələsi ilə bağlı münasibətlərə necə təsir edə biləcəyini dəqiqləşdirməyib.

D.Rodriqesə qarşı sanksiyaların mümkün yenidən baxılmasından danışarkən Anita Hipper vurğulayıb ki, belə bir qərar Aİ-nin bütün üzv ölkələri ilə birgə qəbul ediləcək.