"Kazmunaygaz": Dron hücumuna məruz qalmış "Matilda" tankerində partlayış baş verib

"Kazmortnasflot" ("Kazmunaygaz"ın (KMG) törəmə şirkəti) şirkətinin icarəyə götürdüyü "Matilda" tankerinə bu gün PUA hücumu nəticəsində partlayış baş verib.

Aznews.az xəbər verir ki, bu barədə KMG-nin mətbuat xidməti Xəzər Boru Kəməri Konsorsiumunun terminalında tankerlə bağlı insidenti şərh edərkən bildirib.

"Tankerin konsorsiumun terminalında Qazaxıstan nefti ilə yüklənməsi yanvarın 18-nə planlaşdırılmışdı. Bu gün tanker dron hücumuna məruz qalıb. Hücum nəticəsində sonradan yanğına çevrilmədən partlayış baş verib. Heyət arasında xəsarət alan olmayıb", - məlumatda qeyd olunur.

İlkin qiymətləndirmələrə görə, gəmi dənizə çıxa biləcək vəziyyətdədir, ilkin baxış zamanı ciddi konstruktiv zədələnmə əlamətləri aşkarlanmayıb.

"Dəymiş ziyan qiymətləndirilir", - məlumatda deyilib.