ABŞ: Çin nüvə silahı sınağı keçirib

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi Kristofer Yiu (Christopher Yeaw) Çinin 2020-ci ildə yeraltı gizli nüvə silahı sınağı həyata keçirdiyinə dair yeni texniki məlumatlar açıqlayıb. O bildirib ki, qeydə alınan seysmik hərəkətlər nə zəlzələ, nə də mədən fəaliyyəti ilə uyğunluq göstərir.

“Sarsıntı nüvə partlayışına işarə edir”

“The Washington Post” un xəbərinə görə, Yiu Vaşinqtondakı Hudson Institutedə çıxışı zamanı 2020-ci ildə Çinin Sincan Uyğur Muxtar Rayonunda yerləşən Lop Nur poliqonu yaxınlığında baş verən 2,76 bal gücündə sarsıntının nüvə sınağı ehtimalını gücləndirdiyini iddia edib.

Onun sözlərinə görə, Qazaxıstandakı bir seysmik stansiya həmin tarixdə bölgədəki hərəkətliliyi qeydə alıb və sonradan aparılan təhlillər bunun təbii zəlzələ və ya mədən işləri ilə izah olunmadığını göstərib.

CTBTO: “Qəti nəticə çıxarmaq mümkün deyil”

“Comprehensive Nuclear-Test-Ban Treaty Organization” (CTBTO) isə eyni dövrdə Lop Nur ətrafında 12 saniyə fasilə ilə iki kiçik seysmik hadisənin qeydə alındığını təsdiqləyib. Lakin təşkilat mövcud məlumatların hadisənin səbəbi ilə bağlı qəti qiymətləndirmə aparmaq üçün yetərli olmadığını bildirib.

Vaşinqton–Pekin xəttində qarşılıqlı ittihamlar

ABŞ administrasiyası daha əvvəl də Pekinin Lop Nur bölgəsində genişmiqyaslı qazıntı işləri apardığını və burada yeraltı nüvə sınaq sahəsi yaratdığını iddia etmişdi.

Çin Xarici İşlər Nazirliyi isə bu iddiaları rədd edərək, Çinin nüvə silahları ilə bağlı beynəlxalq öhdəliklərinə sadiq qaldığını vurğulamışdı.

Məsələ ətrafında diplomatik müzakirələrin davam edəcəyi gözlənilir.

Mövsüm,

AzNews.az