- Dünyanın halı
- 14:49
- 1 349
Yorgensen Aİ ölkələrini enerji bazarlarında uzunmüddətli fasilələrə hazırlaşmağa çağırıb
Avropa İttifaqı (Aİ) ölkələrinin hökumətləri ABŞ və İsrailin İranla müharibəsi fonunda enerji bazarlarında mümkün uzunmüddətli fasilələrə hazırlaşmalıdırlar.
Aznews.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə energetika üzrə Avropa komissarı Dan Yorgensen martın 31-nə planlaşdırılan təcili iclas ərəfəsində Aİ ölkələrinin nazirlərinə bildirib.
Məlumata görə, Yorgensen müvafiq məktubu martın 30-da nazirlərə göndərib və orada hökumətlərə enerji təchizatında mümkün uzunmüddətli fasilələrə vaxtında hazırlaşmaq tövsiyə olunur.
Yaxın Şərqdə fevralın 28-də hərbi əməliyyatlar başlayandan bəri Avropada qazın qiyməti 70%-dən çox artıb. Bununla belə, Hörmüz boğazının bağlanması Aİ-yə neft və qaz tədarükünə birbaşa təsir göstərməyib, çünki idxalın əhəmiyyətli hissəsi digər regionlardan daxil olur.
Lakin Yorgensenin sözlərinə görə, Brüssel qısamüddətli perspektivdə neft məhsullarının, o cümlədən aviasiya və dizel yanacağının tədarükündən xüsusilə narahatdır.
Məktubda vurğulanıb ki, hökumətlər yanacaq istehlakını artıra, neft məhsullarının ticarətini məhdudlaşdıra və ya Avropanın neft emalı zavodlarının məhsuldarlığını azalda biləcək tədbirlərdən çəkinməlidirlər.
"Üzv dövlətlərə neft emalı zavodlarında fövqəladə hallarla bağlı olmayan hər hansı texniki xidmət işlərini təxirə salmaq tövsiyə olunur", - məktubda əlavə edilib.