- Dünyanın halı
- 12:23
- 2 446
ABŞ Hörmüz boğazı ətrafında hərbi gəmilər yerləşdirib
Hörmüz Boğazı ətrafında gərginlik sürətlə yüksəlir. ABŞ ilə İran arasında Pakistan vasitəçiliyi ilə qurulan danışıqlar masası cəmi bir gün ərzində dağılıb.
Tərəflər bir-birini ittiham edir
Hər iki tərəf qarşılıqlı olaraq maksimalist mövqe tutmaqda ittiham olunub. ABŞ tərəfi Tehran rəhbərliyinin nüvə proqramından geri çəkilmədiyini bildirərkən, İran isə Vaşinqton administrasiyasının tələblərini yumşaltmadığını vurğulayıb.
ABŞ-dən Hörmüzü bağlama qərarı
Danışıqların nəticəsiz qalmasından sonra tərəflər ölkələrinə qayıdıb. ABŞ Prezidenti Donald Tramp Hörmüz Boğazının blokada altına alınacağını açıqlayıb. O, həmçinin İrana keçid haqqı ödəmiş bütün gəmilərin saxlanılacağını bildirib.
ABŞ Mərkəzi Komandanlığı isə Fars körfəzi və Umman körfəzi daxil olmaqla, İran limanlarına daxil olan və ya buradan çıxan gəmilərə qarşı “neytral blokada” tətbiq ediləcəyini açıqlayıb. Qərar bazar ertəsi saat 17:00-dan etibarən qüvvəyə minib.
ABŞ-nin bu məqsədlə bölgəyə 15-dən çox hərbi gəmi yerləşdirdiyi bildirilir. Ərzaq və humanitar yardım daşıyan gəmilərin isə yoxlamadan keçmək şərti ilə hərəkətinə icazə veriləcək.
Bölgədə hərbi güc artırılır
ABŞ Hərbi Dəniz Qüvvələri bölgədə geniş miqyaslı qüvvə cəmləşdirib. "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi və onu müşayiət edən donanma Umman dənizi ətrafında yerləşdirilib. Bundan əlavə, müxtəlif esmineslər və Virginia sinfi sualtı qayıq da bölgədə fəaliyyət göstərir.
ABŞ-nin əsas məqsədi nədir?
"The Wall Street Journal" qəzetinin təhlilinə görə, ABŞ-nin əsas məqsədi İran neftinin Çin bazarına çıxışını məhdudlaşdıraraq Tehrana təzyiq göstərməkdir. Bu addımın eyni zamanda Çini də dolayı yolla İranı atəşkəsə məcbur etməyə sövq edə biləcəyi qeyd olunur.
İranın cavab kartı: Babülməndəb
Digər tərəfdən, İran ABŞ-yə qarşı Babülməndəb Boğazı kartından istifadə edə biləcəyini bildirib. Husilər vasitəsilə bu strateji keçidi bağlama ehtimalı, qlobal ticarətə ikinci böyük zərbə vuraraq ABŞ üzərində təzyiqi daha da artıra bilər.
Beləliklə, regionda hərbi və iqtisadi risklər paralel şəkildə yüksəlir və qarşıdakı günlərdə vəziyyətin daha da kəskinləşməsi istisna olunmur.
Mövsüm,
AzNews.az