Hindistan və ABŞ kritik əhəmiyyətli minerallar üzrə saziş imzaladılar

Hindistan və ABŞ hökumətləri kritik əhəmiyyətli minerallar sahəsində əməkdaşlıq haqqında rəsmi razılığa gəliblər. Sənədlərin imzalanması mərasimi ABŞ dövlət katibi Marko Rubio və Hindistan xarici işlər naziri Subramaniam Cayşankarın iştirakı ilə Nyu-Delhidə baş tutub.

Bu barədə AzNews.az Oxu.Az-a istinadən məlumat verir.

"Bu gün biz Hindistan və ABŞ arasında kritik əhəmiyyətli faydalı qazıntıların və nadir torpaq elementlərinin, o cümlədən onların hasilatı və emalı da daxil olmaqla, tədarükünün təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş ikitərəfli çərçivə sazişi imzalayırıq", - deyə Cayşankar bildirib:

"Bu çərçivə sazişi kritik əhəmiyyətli faydalı qazıntıların və nadir torpaq elementlərinin təchizat zəncirinin bütün mərhələlərində, o cümlədən onların hasilatı, emalı, utilizasiyası və əlaqəli investisiyalarda əməkdaşlığımızı dərinləşdirmək üçün nəzərdə tutulub. Bu, davamlı və şaxələndirilmiş təchizat zəncirlərini gücləndirməyə imkan verəcək, maliyyələşdirmə sahəsində əməkdaşlığımızı, eləcə də resursların effektiv idarə olunmasını asanlaşdıracaq".

Rubio öz növbəsində bildirib ki, Hindistan və ABŞ-nin strateji maraqları innovativ iqtisadiyyat üçün zəruri olan kritik əhəmiyyətli faydalı qazıntılara, təchizat zəncirlərinə etibarlı və uzunmüddətli çıxışın təmin olunmasını tələb edir.