- Dünyanın halı
- 10 İyun 11:22
- 2 701
WSJ: Ukrayna müharibəsi müasir müharibələrin xarakterini dəyişib
Ukraynadakı müharibə göstərib ki, hərbi güc baxımından üstün olmaq artıq qələbəyə zəmanət vermir və müasir texnologiyalar güclü dövlətlərlə daha zəif ölkələr arasındakı fərqi əhəmiyyətli dərəcədə azaldır.
Bu barədə ABŞ-nin nüfuzlu The Wall Street Journal nəşri yazıb.
Pilotsuz sistemlər qüvvələr nisbətini dəyişir
Nəşrin qeyd etdiyi kimi, Rusiya ilə Ukrayna arasındakı hərbi potensial fərqinə baxmayaraq, Ukrayna cəbhə xəttini qoruyub saxlamağa və Rusiyanın dərinliklərində yerləşən hədəflərə getdikcə daha təsirli zərbələr endirməyə nail olub.
Məqalədə vurğulanır ki, pilotsuz uçuş aparatları və daha ucuz yüksək dəqiqlikli raketlər kimi texnologiyalar kiçik dövlətlərlə böyük hərbi güclər arasındakı ənənəvi üstünlüyü zəiflədib.
“Ölkəni işğal etmək əvvəlki qədər asan deyil”
İtaliyanın müdafiə naziri Quido Krosetto hesab edir ki, müasir dövrdə bir ölkəni işğal edib nəzarətdə saxlamaq əvvəlki dövrlərlə müqayisədə daha çətinləşib.
Onun sözlərinə görə, əgər xalq müqavimət göstərmək iradəsinə malikdirsə, hətta böyük hərbi üstünlük belə ölkənin tam işğalına zəmanət vermir.
Niderland rəsmisi: İlk həftələrdə nəticə əldə edilməzsə, vəziyyət dalana dirənir
Niderland Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onno Eykelshaym da bildirib ki, müasir dünyada yalnız hərbi güc hesabına hakimiyyət dəyişikliyinə nail olmaq olduqca çətindir.
Onun fikrincə, istər ABŞ-ın İrana qarşı, istərsə də Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları nümunəsində göründüyü kimi, ilk həftələrdə məqsədə çatmaq mümkün olmazsa, münaqişə uzunmüddətli və çıxılması çətin olan mərhələyə keçir.
Çin Ukrayna müharibəsinin təcrübəsini öyrənir
Çinin ehtiyatda olan polkovniki Cou Bo bildirib ki, Ukrayna müharibəsindən çıxarılan əsas nəticələrdən biri pilotsuz sistemlərin döyüş meydanındakı roludur.
Onun sözlərinə görə, Çin dünyanın ən böyük pilotsuz aparat istehsalçılarından biri olsa da, onların genişmiqyaslı hərbi tətbiqi ilə bağlı praktiki təcrübəyə malik deyil.
Tayvan məsələsi də müzakirə olunur
Sinqapurlu politoloq Bilahari Kausikan isə hesab edir ki, Ukrayna nümunəsi Tayvan üçün də mühüm dərslər təqdim edir.
Onun fikrincə, əsas nəticə xarici dəstəyə arxalanmaq deyil, ilk növbədə öz müqavimət iradəsini qorumaqdır.
Müharibənin gələcəyi ilə bağlı fərqli proqnozlar səslənir
Məqalədə qeyd olunur ki, bəzi ekspertlər Ukrayna cəmiyyətinin müharibədən yorulmasına baxmayaraq ölkənin müqavimət potensialını qoruduğunu düşünürlər.
Digər tərəfdən, Ukraynanın keçmiş xarici işlər naziri Volodimir Oqrızko müharibənin yaxın vaxtlarda başa çatacağı ilə bağlı optimist proqnozları bölüşmür və hesab edir ki, münaqişənin qısa müddətdə yekunlaşacağına dair əsaslı əlamətlər yoxdur.
Mövsüm,
AzNews.az