“Gürcüstanda demokratik dəyərlər ciddi şəkildə pozulub” – Zəlimxan Məmmədli ilə MÜSAHİBƏ

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin AzNews.az-a müsahibəsi

- Zəlimxan müəllim, Gürcüstanda prezident seçkilərinin birinci mərhələsi yekunlaşıb, amma namizədlərin heç biri lazım olan səsləri toplaya bilməyib. Bu barədə nə deyə bilərsiniz?

- Əslində, təxmin elədiyimiz bir nəticə ortaya çıxdı. Milli demokratlar bölünməsəydilər, ilk turda qalib gəlmə şansları çox ola bilərdi. Bu bölünmə müəyyən mənada ikinci tura gedişə şərait yaratdı. Dünən bütün gecə seçki prosesini izləmişik. Təbii ki, hakimiyyət nəticələri saxtalaşdırmaq istəyirdi. Amma seçki mexanizmi - müşahidəçilər, partiyanın qərargahları, insanlar bunun qarşısını ala bildilər. Yekun nəticə üçün 3 həftə gözləməliyik. Bilirdsiniz ki, İvanişvili komandası böyük populist kapital üzərində hakimiyyətə gəlib. Guya Gürcüstanın problemlərini, Cənubi Oseteya, Abxaziya problemlərini həll edəcəklər, bizim soydaşlarımızı daha böyük idarə və müəssisələrə yerləşdirəcəklər, toponimləri bərpa edəcəklər və s. Amma bunlar elə şuar olaraq da qaldı. Bu baxımdan, İvanişvili komandası etimad qazana bilmədi. Nəticədə, səsləri kifayət qədər aşağı düşdü.

Müqayisə üçün də istinad nöqtəsi əsası keçmiş prezident Saakaşvili tərəfindən qoyulan demokratik islahatlar paketi idi ki, onun namizədi də birbaşa Saakaşvilinin dəstəklədiyi Qriqol Vaşadzedir. Bu baxımdan, məntiqlə mövcud nəticə doğrudur, mənim proqozum da təqribən belə idi.

- Siz Gürcüstandakı prosesləri yaxından izləyirsiniz. Orada seçici aktivliyini necə dəyərləndirirsiz?

- Ümumilikdə götürəndə seçici aktvliyi kifayət qədər də yüksək deyil, yəni seçici fəallığı 50 faizin altındadır. Görünür, siyasi axsamalar, indiki komandanın müəyyən mənada demokratiyaya zidd oyun qaydaları, hər şeyin pulla alınıb-verilməsi üzərində qurulması, eləcə də əvvəlki parlament seçkilərində çox ciddi saxtakarlıqların olması insanlarda müəyyən səviyyədə seçkiyə inamı azaldıb. Amma yenə də aktiv bir təbəqə var ki, bu təbəqə fəal şəkildə seçki prosesində iştirak edir. Bunların içərisində oradakı soydaşlarımızın da əməyi yüksəkdir. Orada soydaşlarımızın üzərində “gələni öyən, gedəni söyən” yarlığı var idi. Indi bu yarlıq onların üzərindən götürülüb. Yəni soydaşlaımız artq siyasi proseslərin içindədirlər, siyasi liderləri var, ayrı-ayrı partiyalarda cəmləşmiş aktiv fiqurları var, gənclik var. Bu gənclər dinamik şəkildə iş apardılar və insanları seçki prosesinə cəlb edə bildilər. Bir şeyi də xüsusi vurğulayım ki, bizim soydaşlarımızın məskunlaşdığı bölgələr – Qardabanidən tutmuş, Marnueli və digər yerlər Mixail Saakaşvilinin demokratik xəttinə səs verdilər.

- Bu baxımdan ictimai rəy nə deyir? Söhbət Saakaşviliyə münasibətdən gedir.

- Atalar deyib ki, aşıq gördüyünü çağırar. Saakaşvili dönəmində başlayan islahatlar kifayət qədər mütərəqqi olub. İnsanlar nəyi dəyərləndirir? Qanunun aliliyini, onlara dəyib-dolaşmamağı, rüşvət və korrupsiyanın olmamsını. Saakaşvilinin dönəmində bunlar yox idi. O cümlədən, bizim soydaşlarımızın ali təhsil müəssisələrində təhsil almaları… Saakaşvili dönəmində 1+4 təhsil modeli tətbiq olundu və bu gün 3 minə yaxın soydaşımız Gürcüstanın universitetlərində təhsil alır. Bu, məhz həmin islahatların nəticəsidir. İnsanlar bu nöqteyi nəzərdən baxaraq qənaətə gəlirlər ki, onların maraqlarına uyğun olan iqtidar Saakaşvilinin demokratik iqtidarıdır. Soydaşlarımızın demokratik xəttə səs vermək meylinin də kökündə bu dayanır. Yəni insanalar mücərrəd populist şüarlara yox, gördükləri platformanın, yəni demokratik islahatların olmasına səs veriblər. Açığı deyim ki, mən buna sevinirəm.

- Bugünkü Gürcüstan cəmiyyəti təkrar Saakaşvilini istəyir, deyə bilərikmi?

- Bəli, belə də dmək olar. Saakaşvilini arıq hər kəs islahat memarı kimi tanıyır. O, postsovet məkanında mükəmməl, özünəməxsus Saakaşvili metodu adlanacaq bir islahat müəllifidir. Bu baxımdan, artıq ayrı-ayrı ölkələr onu dəvət etmək istəyirlər. Fikir verdinizsə, Ukrayna kimi bir dövlətdə kifayət qədər fundamental iz qoyub qayıtdı. Ümumilikdə, onun Gürcüstan islahtları postsovet məkanında demokratik islahatlara bir stimul olacaq, buna şübhə eləmirəm.

- Zəlimxan müəllim, yerli qanunvericiliyə görə, Saakaşvili təkrar olaraq prezident seçkilərinə qatıla bilməz...

- Söhbət ondan getmir ki, Saakaşvili təkrar prezident olsun. Bu gün Zəlimxan Məmmədlinin də Gürcüstana girişini bu iqtidar yasaq edib. Faktiki olaraq, mənim aktiv ictimai həyatda fəaliyyət imkanlarımı əlimdən alıb. Saakaşvilinin isə heç prezident olaraq da toxunulmazlığını təmin eləmir. Demokratik dəyərlər çox ciddi şəkildə pozulub. Amma Saakaşvili geri qayıdıb öz vətənində azad şəkildə siyasi fəaliyyətini davam etdirə bilər. Ən azı, komandasını islahata təşviq edə bilər. Belə bir proses baş verərsə, mənim də Gürcüstana girişim bərpa olunacaq və hər halda, Gürcüstanın özünə fayda verən, Gürcüstan-Azərbaycan münasibətlərinə təkan olacaq layihələr həyata keçirəcəyik.

- Sizin Gürcüstana girişinizlə bağlı məsələdə bir irəliləyiş varmı?

- Xeyr, 2014-cü ildə mənim Gürcüstana girişimə qadağa qoyulub və hələlik bu məsələnin həlli ilə bağlı heç bir irəliləyiş yoxdur.

- Zəlimxan müəllim, prezident seçkilərinin ikinci turu barədə hansı proqnozları vermək olar?

- Namizədlərdən ikisi artıq bəyanat verərək növbəti turda səslərini Qriqol Vaşadzeyə verəcəklərini bildiriblər. Şübhə etmirəm ki, digər namizədlər də səslərini demokratik islahatlar xəttinə yönəldəcəklər. Saxtakarlıq olmasa, çox güman ki, İvanişvili komandası buna böyük ümid bəsləyir, Qriqol Vaşadzenin növbəti mərhələdə qalib gəlmək imkanları genişdir.

Elgün Mənsimov
AzNews.az