Dünyanın qorxduğu Soros...

Soros Fondunun Türkiyədəki yerli təşkilatı “Açıq Cəmiyyət Vəqfi” fəaliyyətini dayandırıb.

Macarıstandan sonra Türkiyə də Soros Fondunu bağladı, amma dünyada 70-dək ölkədə hələ də fəaliyyət göstəri

Soros Fondunun Türkiyədəki yerli təşkilatı “Açıq Cəmiyyət Vəqfi” fəaliyyətini dayandırıb. Bu barədə vəqfin yaydığı bəyanatda qeyd olunur ki, Müşahidə Şurası son günlərdə vəqf barəsində mediada yer alan əsassız iddia və çoxsaylı şayiələrin vəqfin fəaliyyətinin davam etməsinə imkan vermədiyi üçün fəaliyyətini dayandırır.

Qeyd edək ki, Vəqfin İdarə Heyətinin sədri Hakan Altınay bir neçə gün əvvəl saxlanılıb, ancaq az sonra azad edilib. Həbsin səbəbi isə 2013-cü il “Gezi Parkı” aksiyalarının təşkili ilə bağlı istintaqdır. Türkiyə polisi hazırda həbsdə olan “Anadolu Kültür” təşkilatlının sədri Osman Kavala və Açıq Cəmiyyət Vəqfinin “Gezi Parkı” hadisələrinin maliyyələşməsi və xaricdə kampaniya aparılmasında ittiham olunur.

Soros Fondunun Türkiyədə bağlanacağı gözlənilirdi. Çünki rəsmi Ankara Sorosu təhlükə olaraq elan edib. Bir neçə gün əvvəl isə prezident Ərdoğan Soros Fondunu “Gezi Parkı” aksiyalarını dəstəkləməkdə ittiham edib. Ərdoğan bildirib ki, “Corc Soros dövlətləri dağıtmaqla məşğuldur”.

Sitat: “Bu hadisələri maliyyələşdirən bir nəfərdir, məşhur macar yəhudisi Soros. Bu adamın külli miqdarda pulu var və həmin pulları xalqlar arasında ədavət salmağa, dövlətləri dağıtmağa sərf edir”.

Türkiyədə Açıq Cəmiyyət Vəqfi 2001-ci ildə fəaliyyətə başlayıb. Daha dəqiqi 2001-ci ildə Soros Fondunun Türkiyə təmsilçiliyi yaradılıb, 2008-ci ildə isə bu qurum Açıq Cəmiyyət Vəqfinə çevrilib. İlk 5 ildə, yəni 2001-2006-cı illərdə fond Türkiyədə 86 layihəyə 7 milyon dollar büdcə ayırıb. Vəqfin saytında yer alan 2008-2013-cü illər arasında Soros Fondu TOG, TESEV, DİTAM, DİSA, SALT, TÜSEV, GPOT, Anadolu Kültür, KA-MER, LGBT kimi təşkilatların da daxil olduğu 75 QHT və Koç, Bilgi, Kültür, Boğaziçi kimi universitetlərin də daxil olduğu qurumlarla 252 layihədə iştirak edib. Bu layihələrdə 755774 insanla təmasda olduqlarını da ayrıca qeyd ediblər. Sözügedən 5 illik dövrdə layihələrə 11,6 milyon lirə maddi yardım edilib.

2016-cı ildə isə qurum 53 təşkilatın həyata keçirdiyi 64 layihəyə 5,5 milyon lirə pul ayırıb. Bu vəsaitin 1,8 milyonu qaçqınlarla əlaqədar layihələrdir.

Ancaq Corc Sorosa qarşı qəzəbli olan ölkə yalnız Türkiyə deyil. Dünyanın bir sıra ölkələri amerikalı filantrop milyarderi siyasi qalmaqallar, inqilabların sponsoru adlandırır. Xüsusən də son illərdə bir çox dünya ölkələri Sorosun ofislərini bağlayıb. Onlardan biri də Azərbaycandır.

Yeri gəlmişkən, bu ilin oktyabrında Corc Sorosun vətəni Macarıstandakı ofisi də fəaliyyətini dayandırıb və Berlinə köçüb. Soros Fondunun Berlin bölməsinin yeni direktoru Qoran Buldioski bildirib ki, ofisin 80 əməkdaşı ailə üzvləri ilə birlikdə Budapeştdən çıxaraq Almaniyanın paytaxtına yerləşib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban dəfələrlə Soros Fondunu tənqid edib. O, təşkilatı Macarıstanda siyasi proseslərə müdaxilədə və liberal müxalifəti dəstəkləməkdə günahlandırıb.

Qeyd edək ki, Açıq Cəmiyyət İnstitutu 1984-cü ildə Corc Sorosun vətəni Macarıstanda yaradılıb. SSRİ dağıldıqdan sonra Soros fondları postsovet respublikalarında yaradılıb və sayları sürətlə artıb. Soros Fondunun saytında qeyd olunur ki, fond “keçmiş sovet imperatorluğu içərisində bir çox ölkələrdə demokratik hökumətlərin ortaya çıxmasına dəstək verib”.

Söhbət rəngli inqilablara verilən dəstəkdən gedir. Soros Fondu 2003-cü ilin payızında Gürcüstanda, 2004-cü ildə Ukraynada baş verən rəngli inqilablar və yeni hökumətlərin qurulmasının əsas sponsoru kimi məşhurlaşıb.

Hazırda 70-dən çox ölkədə Soros Fondunun yerli ofisləri var. Fondun rəsmi məlumatına əsasən, 2017-ci ildə Soros fondlarının illik büdcəsi 940 milyon dollar olub. Yarandığı 1984-cü ildən bu yana Soros Fondu 14 milyard pul xərcləyib. Hazırda fondun dünya ölkələrində 1400 nəfər işçisi var.

Soros Fondunun əsas fəaliyyət istiqamətləri insan haqları, demokratiya və bəşəri dəyərlər qarşı daha həssas bir cəmiyyət qurmaq üçün təhsil, hüquq və inkişaf sahələrində sosial və mədəni sahələrdə fəaliyyət göstərən özəl və ya ictimai təşkilatlara, eləcə də QHT, universitet, dərnək və fondların fəaliyyətinə dəstəkdən ibarətdir.

Ancaq dünyanın bir çox ölkələri Soros Fondunu hakimiyyətlərə qarşı üsyan, inqilabları dəstəkləyən, çaxnaşmaların əsas sponsoru kimi görür. Soros Fondu liberal dəyərlərin yayılmasının əsas maliyyə dəstəkçisi kimi qəbul olunur və bu səbəbdən də əsasən sağ mühafizəkar hökumətlərin hədəfindədir.

Hazırda 87 yaşı olan milyarder Corc Soros isə ittihamları rədd edir. Soros hökumətlərin ona qarşı kampaniyasını xaricdə düşmən quraşdırmaq üçün yaradılan “yalan və təhrif” adlandırıb.(ednews.net)

© AzNews.az