Politoloq: “Bəzi yerlər müqavimətsiz Talibana təslim olur” Politoloq: “Bəzi yerlər müqavimətsiz Talibana təslim olur”

“Taliban Əfqanıstanda söz sahibinə çevrilir” - Politoloq

Politoloq: “Bəzi yerlər müqavimətsiz Talibana təslim olur”

Amerika Birləşmiş Ştatlarının mayın 1-dən etibarən hərbi bazalarının Əfqanıstandan çıxarması ilə “Taliban” bölgədə aktivləşməyə başlayıb. 100-ə yaxın əfqan əsgəri Taliban terror qruplaşmasından qaçaraq Tacikistana sığınıb. Artıq Taliban qruplaşmasının Əfqanıstanın hərbi bazalarında nəzərəti ələ keçirildiyi bildirilir.

Mövzu ilə bağlı siyasi şərhçi Elman Vəliyev AzNews.az analitik-informasiya portalına danışıb.

Politoloq bildirib ki, ABŞ hərbi bazalarının Əfqanıstanda varlığı bir çox qüvvələri narahat edirdi.

“Həm Rusiya, həm ABŞ, həm də digər qüvvələr uzun müddət Əfqanıstanda mübarizə apardı. Amma buna baxmayaraq niyyətlərinə nail ola bilmədilər.

Yeni seçilmiş ABŞ prezidenti Co Bayden Amerika qüvvələrini Əfqanıstandan geri çəkmək qərarına gəldi. Taliban qrupu ilə uzun müddət, 20 il mübarizə aparan ABŞ, həm maddi, həm də əsgəri baxımından bir xeyli itki verdi.

Əfqanıstan da maraqların kəsişdiyi yerlərdəndir. Sabiq prezident Donald Trampla 2018-ci ildə Qətərin paytaxtı Dohada anlaşma imzaladılar. Razılığa əsasən 1 maya qədər xarici qüvvələr ölkəni tərk etməlidirlər.

Ancaq Bayden 11 sentyabra qədər qüvvələri geri çəkəcəyini bildirdi. Amerika geri çəkilməyə başlarkən ölkədəki digər güclər də geri çəkilməyə başladılar. Bu proseslər Taliban üçün böyük şans yaratdı. Ölkənin çox hissəsi artıq onların nəzarətindədir. Bəzi yerlər müqavimətsiz təslim olur. Taliban Tacikistanla, Pakistanla olan sərhədləri də yavaş-yavaş nəzarətə götürür. Pakistan tərəfi Talibana müqavimət göstərməyəcəyini bildirib.

Taliban yaradılarkən böyük dəstəkçilərindən biri də Pakistan idi. Həm hərbi, həm də maddi cəhətdən dəstək verirdi. Pakistanla yanaşı Səudiyyə Ərəbistanın, Birləşmiş Ərəb Əmirliklərinin də az yardımı dəyməyib.

Bunlar Talibana yardım etməklə qonşuluğunda xarici qüvvələrin yer almasını istəmədikləri üçün idi. Yəni, Əfqanıstanda başqa qüvvələr ağalıq etməkdənsə, öz adamlarından ibarət bir qrupa yardım etmək daha əlverişli idi”.

Siyasi şərhçi qeyd edib ki, hazırkı iqtidar Əşrəf Qani Talibanla mübarizə aparmaq niyyətinə düşsə, uduzacaq.

“Digər mühüm bir məqam isə, xarici qüvvələr çəkilərəkən paytaxt Kabildəki hava limanının mühafizəsini Türkiyənin öz üzərinə götürməsinə çalışırlar. Yəni özləri geri çəkilir, Türkiyəni önə verirlər. 14 İyunda keçirilən NATO sammitində Türkiyə prezidenti R.T.Ərdoğanla Bayden bunu müzakirə etdilər. Türkiyənin belə bir işə girişməsi təhlükə yarada bilər. Çünki Taliban tərəfi sentyabr ayına kimi bütün xarici qüvvələrin çıxmasını tələb edir. Çıxmayanlara qarşı güc göstərəcəklərinin deyiblər.

Amma vəziyyəti düzgün qiymətləndirsə, Türkiyə ilə birgə hərəkət etməyi seçsə, bu ona fayda çox fayda verər.

Rusiya Əfqanıstanda uzun müddət savaşdıqdan sonra uğursuzluğa düçar oldu. Son proseslərdə aktiv iştirakçı qismində olmaq niyyətində deyil. Hətta Əfqanıstana əsgər göndərməyəcəklərini dilə gətirdi. Amerikanın çəkilməsi Çin üçün də bir şansdır. Çinin “Bir kəmər bir yol” layihəsində Əfqanıstan mühüm yer tutur. Ancaq Amerikanın burada varlığı buna imkan vermirdi. Çin çalışacaq ki, bundan sonra diplomatik yollarla istəyini həyata keçirsin” - deyə E.Vəliyev əlavə edib.

Şəbnəm Zahir

AzNews.az