“Ermənilərin niyyəti regiona digər dövlətləri cəlb etməklə yenidən müharibəni alovlandırmaq ola bilər” “Ermənilərin niyyəti regiona digər dövlətləri cəlb etməklə yenidən müharibəni alovlandırmaq ola bilər”

"Ermənistanın “ağıllı" təxribat strategiyaları uğursuzluğa məhkumdur”

“Ermənilərin niyyəti regiona digər dövlətləri cəlb etməklə yenidən müharibəni alovlandırmaq ola bilər”

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Ermənilərin sərhəd və sərhədboyu ərazilərdə mütəmadi olaraq yaratdığı gərginliklə bağlı Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, ermənilər genişmiqyaslı müharibə aparmağa qadir olmadıqlarının fərqindədirlər.

“Ermənistanın Azərbaycanla sərhəddə ciddi cəhdlə vəziyyəti gərginləşdirmək istəməsi ardıcıl olduğu üçün əsla təsadüfi xarakter daşımır. Görünür, düşmən ölkənin xüsusi planları var. Bu planların mümkün ssenarilərindən biri də yenidən Azərbaycanı müharibəyə cəlb etmək ola bilər", - deyə H. Babaoğlu əlavə edib.

Deputat qeyd edib ki, biz 44 gün davam edən İkinci Qarabağ savaşında qəhrəman Azərbaycan Ordusunun erməni ordusunun muzdlularını, terroristlərini və diversantlarını necə məhv etdiyini bilirik.

"Hazırda ermənilər müharibə aparmağa qadir olmadıqlarını bilirlər. Çünki nə ordu var, nə də əvvəlki muzdlular. Beynəlxalq terrorçular da artıq ermənilər tərəfində savaşmayacaqlar . Belə olan halda ermənilərin məqsədi regiona digər dövlətləri cəlb etməklə yenidən müharibə alovlandırmaq niyyəti ola bilər ki , doğrusu bu həvəsdə olan bəzi dövlətlər də yox deyil.

Biz Fransanı Ermənistana istənilən dəstəyi verməyə hazır olan bir nümunə kimi gördük. Ancaq bu dəstək də ermənilərin revanşist cəhdləri üçün yetərli deyil", - o vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, regionun aparıcı aktorları Rusiya - Türkiyə və Azərbaycan strateji xətti regionda sabitliyin qorunması, yaranmış yeni geostrateji reallığın möhkəmləndirilməsində maraqlıdırlar: “Bəzi Qərb gücləri isə öz ordularını heç olmasa, sülhməramlı statusunda Rusiya ilə bərabər Cənubi Qafqazda görmək istəyirlər. Bununla da hesab edirlər ki, Rusiyaya qarşı Cənubi Qafqazda geostrateji plüralizmi təmin edə və yenidən Azərbaycana təzyiq etməklə erməniləri gücləndirə bilərlər. Yəni təxribat çoxməqsədli və çoxkombinasiyalıdır. Ancaq bu miqyasda təxribatı həyata keçirmək üçün ermənilərin hərbi gücü onu bu təxribatlara həvəsləndirənlərin isə regionumuzda konkret hərbi siyasi və iqtisadi alətləri yoxdur. Ona görə də erməni siyasi elitasının “ağıllı" təxribat strategiyaları uğursuzluğa məhkumdur .

Azərbaycan isə olduqca ciddi hərbi-siyasi və iqtisadi təşəbbüslərlə, postmünaqişə dövrünü möhkəmləndirməklə yeni geostrateji reallığı hamıya qəbul etdirməkdədir”.

Şəbnəm Zahir