Bu gün Şuşa bizimdir! Bu gün Şuşa bizimdir!

Şuşanı azad edən Azərbaycan oğulları əsl cəngavər imiş

Bu gün Şuşa bizimdir!

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) rəhbərləri bir neçə gün əvvəl işğaldan azad edilən, Qarabağın döyünən ürəyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfər etdilər. Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri Şuşaya qalib xalq kimi qayıtmağın qürur, fəxarət hissini yaşayırdılar. Hansı ki, o hisslərin kəlmələrlə ifadəsi qeyri-mümkündür. Mən Şuşaya ilk dəfə idi səfər edirdim. Şuşanı gördükdə ilk düşündüyüm o oldu ki, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri bu qayalıqları necə dırmaşıb Şuşanı azad ediblər? O qayalıqları dırmaşmaq üçün gərək cəngavər olasan. Demək ki, Şuşanı azad edən Azərbaycan oğulları əsl cəngavər imiş. O qayalıqlara baxdıqca, əsgərlərimizin Şuşanın işğalına son qoymaq üçün çəkdikləri əziyyəti, zəhməti, çətinlikləri sanki bir anlıq mən də yaşadım. Şəhidlərimizə əbədi borclu olduğumuzu bilirik, lakin o torpaqlara ayaq basanda, insan bunu daha yaxşı dərk edir.

Bildiyiniz kimi, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindəndir. Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçib və Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edilir. Şuşa Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malikdir. Məhz buna görə də xalqımız bu şəhərə xüsusi qayğı və həssaslıqla yanaşır. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi:

“Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Şuşa nəinki Azərbaycanın, eləcə də Qafqazın mədəniyyət paytaxtı hesab olunur. Çünki XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. Şuşa bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir. Şuşanın mədəniyyətindən danışırıqsa, Qarabağ muğam məktəbini də xüsusi vurğulamalıyıq. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşmışdı. Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətini inkişaf etdirməklə, öz həmvətənlərinin hiss və duyğular aləminə nəcib təsir göstəriblər. Bu yerlərin təbiətindən keçib gələn, ruhu oxşayan həmin gözəllikdir ki, nadir musiqi mədəniyyətində öz əksini tapıb. Qarabağ muğam məktəbinin rəmzinə çevrilən məşhur “Qarabağ şikəstəsi” buna bariz nümunədir. Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın mədəniyyət paytaxtı olmağa layiqdir.

Ali Baş Komandanımızın qətiyyəti, iradəsi, əzmi, milli ruh, yüksək idarəçiliyi sayəsində və ordumuzun qətiyyətli mübarizəsi ilə 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunaraq tarixi ədalət bərpa edilib. Dövlət başçımız 8 noyabr tarixindəki çıxışında bu kəlmələri ilə bütün xalqımızı kövrəltmişdi:

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bu gün Şuşa bizimdir! O müqəddəs torpaqlara ayaq basana qədər düşünürdük ki, bu yuxudur, xəyaldır, gerçək deyil. Biz xoşbəxt xalqıq, ona görə ki, ərazi bütövlüyümüzlə bərabər, uzun illərdən bəri qırılan qürurumuzu, sarsılan mənəviyyatımızı da bərpa etdik. Şuşanın azad edilməsi haqq savaşımızın zirvə nöqtəsi idi. Azərbaycan Ordusunun Şuşanı azad etməsindən sonra düşmən məğlubiyyətini qəbul etməli oldu və geri çəkildi.

Bu gün Qarabağa, eləcə də Şuşaya həyat qayıdır. Hazırda ölkəmizin qarşısında dayanan ən başlıca vəzifə işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və insanların yaşayışının təmin edilməsidir. Şəhərdə bərpa və quruculuq işləri yüksək sürətlə həyata keçirilir. Şuşada çalışan şəxslərin əksəriyyətinin könüllülük prinsipi ilə əraziyə gəldiyi isə əsl Vətən sevgisinin bariz nümunəsidir.

Ölkəmiz tarixi günlərini yaşayır. Xalqımız tarixi ədaləti qürur hissi ilə bərpa edərək, böyük zəfərin təntənəsini qeyd edir. Tezliklə Qarabağımıza böyük qayıdış başlayacaq. Tarixi torpaqlarımız əsl sahiblərini qarşılayacaq, Qarabağda yeni dövrün, yeni həyatın təməli qoyulacaq. Şübhəsiz ki, məcburi köçkünlərin öz torpaqlarına geri dönməsi Qarabağda demoqrafik balansı da tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Azərbaycanlıların böyük qayıdışı bu torpaqlara yeni nəfəs, inkişaf, tərəqqi gətirəcək.

Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri