Ukraynanın ərazi bütövlüyünün təmin olunması Amerikanın milli maraqlarına ziddir...

Riçard Niksonun dövründə ABŞ-da dövlət katibi olmuş Henri Kissincer 8 dekabrda dərc olunan məqaləsində Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün sülh danışıqlarına təkan verən, potensial atəşkəs üçün çərçivə təklif edib. “The Spectator” jurnalına yazan keçmiş dövlət katibi Ukraynaya NATO ilə rəsmi əlaqələr qurmağı, Rusiyanın son müharibədə işğal etdiyi ərazilərdən geri çəkilməsini və xalqın səsverməsi ilə Moskvanın müharibədən əvvəl işğal etdiyi ərazilərin taleyini həll etməsini təklif edib. Kissincer yazıb: “Mən dəfələrlə Rusiyanın Ukraynadakı təcavüzünün qarşısını almaq üçün müttəfiqlərin hərbi səylərini dəstəklədiyimi bildirmişəm. Amma artıq əldə edilmiş strateji dəyişikliklərə əsaslanmaq və onları danışıqlar yolu ilə sülhə nail olmaq üçün yeni yanaşma irəli sürməyin zamanıdır”.
99 yaşlı diplomat həftə sonu yazdığı məqalədə qeyd edib ki, həmin ərazilərə nəzarət atəşkəs razılaşmasından sonra həll olunacaq. “Əgər Ukrayna və Rusiya arasında müharibədən əvvəlki bölgü xəttinə döyüş və ya danışıqlar yolu ilə nail olmaq mümkün deyilsə, öz müqəddəratını təyinetmə prinsipinə müraciət etmək olar” deyə o yazıb. O, Ukraynanın müharibə zamanı özünü Avropanın ən böyük və ən təsirli quru qoşununa sahib olan Mərkəzi Avropanın əsas dövləti kimi təsdiqlədiyini və onun Qərbin təhlükəsizlik ittifaqlarına daxil olmasına yol açdığını iddia edir. O, bildirib ki, sülh prosesi Ukraynanı NATO ilə əlaqələndirməlidir. Neytrallıq alternativi, xüsusən Finlandiya və İsveç NATO-ya üzv olduqdan sonra artıq heç bir məna kəsb etmir. Bundan öncə, Kissincer may ayında demişdi ki, tərəflər Ukraynadan sülh müqabilində Krım yarımadası və Donetsk bölgəsinin bir hissəsi də daxil olmaqla əraziləri verməsini xahiş edərək, “status-kvo” vəziyyətinə qayıdan “təmas xətti” ilə razılaşmalıdırlar.
Kissincerin bu məqaləsi Kiyev administrasiyasının reaksiyasına səbəb olub. Ukrayna Prezidenti Zelenskinin müşaviri Podolyak Telegram hesabında Kissincerin yazdığı məqalə ilə bağlı açıqlama verib: “Cənab Kissincer 10 aylıq müharibənin mahiyyətini və onun dünya nizamına təsirini hələ də başa düşməyib. Keçmiş dövlət katibinin tələb etdiyi, lakin açıq şəkildə ifadə edə bilmədiyi fikir əslində çox sadədir: “Şərqi Avropanın digər dövlətlərinə təcavüz etməmək zəmanəti verməklə, Ukraynanın bəzi hissələrini qurban verməklə təcavüzkarı sakitləşdirmək”. Belə bir sülhün “zərərli sülh” olduğunu vurğulayan Podolyak, Ukrayna ərazisi hesabına tələb edilən istənilən razılaşmanın zərərli olduğunu bildirib.
Əslində veteran diplomat Kissincerin yanaşması Rusiya ilə ABŞ-ın yaxınlaşmasına çalışması kimi görüntü yaratsa da, bu fikirlər Amerika siyasi elitasında gedən ikili mübarizənin konturlarını ehtiva edir. Amerika xarici siyasətində hər zaman toqquşan idealizm-realizm tandeminin realist tərəfinin ağır basdığı bu fikirlərlə beynəlxalq balansı heçə sayan Kissincer bugün də Ukrayna timsalında hüququn güc deyil, gücün hüquq olduğunu isbatlayır. Bu mübarizənin mahiyyətcə tarixi heç də yeni deyil. İlk dəfə 18-ci əsr Tomas Cefferson və Aleksandr Hamilton kimi siyasətçilər arasında başlayan idealizm və realizm mübahisəsi Amerikanın xarici siyasəti baxımından hələ də etibarlılığını qoruyur. İdealistlər demokratiya, hüquq və əxlaq meyarlarını bayraq edərək Ceffersonun fikirləri ətrafında toplandı. Siyasətdə “məqsədə götürən hər yol mübahdır” düşüncəsini müdafiə edənlər isə Hamiltonun tərəfində yer alaraq xarici siyasətin humanitar, sülhpərvər və ya ideoloji mülahizələrdən daha çox milli maraqlara əsaslanmasını müdafiə etdilər. ABŞ-ın qurucu atalarının müzakirə etdiyi bu məsələni bugünkü Amerika xarici siyasətində yer alan adlar da müzakirə edir. Kissincer nümunəsində onlar Ukraynanın ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində təmin olunmasını Rusiyanın zəiflədilməsi kimi qəbul edirlər və Amerikanın milli maraqlarını əsas tutaraq buna qarşı çıxırlar. Realistlərin düşüncəsinə görə, Rusiya kimi güclü dövlətin zəifləməsi həm nüvə silahının “başsız” qalması, həm də alternativ güc olan Çinin daha da güclənməsinə gətirib çıxara bilər ki, bütün bunlar ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi