ABŞ Qarabağ məsələsində heç vaxt obyektiv mövqe tutmayıb - Oqtay Qasımov

“Ümumiyyətlə, Qarabağda separatizm başlayandan ABŞ bu məsələdə heç də obyektiv mövqe tutmayıb. 1990-cı illərdə Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunduqda, ABŞ BMT-də qətnamələrin lehinə səs versə də, ancaq erməni işğalına qarşı sərt mövqe sərgiləməmişdir. Faktiki olaraq Minsk qrupunun tərkibində erməni işğalının uzun müddətli davam etməsinə və Azərbaycan ərazilərinin işğalının legitimləşdirməsinə yönəlik bir fəaliyyət içərisində olublar".

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib.

O deyib ki, ABŞ hələ 1992-ci ildə işğala məruz qalan Azərbaycanı cəzalandıraraq 907-ci düzəlişi qəbul etdi.

“ABŞ Qarabağdakı separatçı rejimə hər il on milyonlarla dollar yardım edib və bunu humanitar yardım adı altında həyata keçirib. Bu addımla faktiki olaraq bölgədəki seperatçı rejimi dəstəkləyib, ayaqda durmasına yardım edib. Həmin seperatçı rejimin nümayəndələrinin ABŞ-a səfər etməsi üçün viza verib ki, bunların hamısı əslində Azərbaycanın suverenliyinə qarşı atılan addımlara dəstək anlamını daşıyır. Son dövrlərdə də biz xüsusilə ABŞ-ın mövqeyində kifayət qədər ziddiyyətli məqamlar görürük. Amerika mediasında siyasətçilər, dövlət adamları tərəfindən Azərbaycana qarşı kampaniyanın aparıldığını görməkdəyik. Belə ki, Amerika mətbuatı və siyasiləri xüsusilə də konqresdə fəailiyyət göstərən erməni lobbisinin əlaltıları anti-Azərbaycan ritorikasından çıxış edirlər”.

O. Qasımov sonda vurğulayıb ki, o cümlədən ABŞ guya Azərbaycanın Ermənistan ərazilərinə hücuma hazırlaşdığı ilə bağlı saxta məlumatlar yayaraq fikir formalaşdırmağa çalışır.

“Əslində, burda Amerikanın məqsədinin nədən ibarət olduğu bəllidir. Biz bilirik ki, ABŞ bu addımlarla Ermənistan cəmiyyətində xof və qorxu hissi yaratmaq, anti-Rusiya mövqesini gücləndirməklə həm də Fransa daxili Qərb qüvvələrinin Ermənistana yerləşdirilməsi ilə Rusiyanı bölgədən çıxarmağa çalışır. Bu təzyiqlərin nəticəsində Azərbaycanın sülh danışıqlarında da mövqeyini zəiflətmək niyyəti güdür”.

Rəfiqə NAMAZƏLİYEVA