- Müşahidə məntəqəsi
- 8 Fevral 2024 16:00
- 8 936
Politoloq: "Səudiyyənin bu qərarı digər ərəb ölkələri üçün işarə rolu oynayacaq"
Səudiyyə Ərəbistanı rəsmiləri İsraillə diplomatik münasibətlərin yaradılması məsələsinə aydınlıq gətiriblər. Məlum olduğu kimi ötən il 7 oktyabra qədər Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlərin yaradılması barədə müzakirələrin aparılması xəbərləri gündəmdən düşmürdü. Elə təsəvvür yaranırdı ki, Amerikanın vasitəçiliyi ilə nəhayət bu iki dövlət arasında diplomatik münasibətlər qurulacaq. Bu münasibətləri intizarla gözləyənlər çox idi. Həm regionda, həm də dünyanın digər bölgələrində.
HƏMAS-ın İsrailə hücumu bütün ümidlərin üzərindən xətt çəkdi. O tarixdən sonar region yeni reallıqlar mərhələsinə qədəm qoydu və sülh, əmin-amanlıq, birgə yaşayıış istiqamətində əldə olunan bütün nailəyyətlər heçə endi. İsrail 1948-ci ildən bəri qonşu ərəb dövlətləri ilə yaratdığı münasibətlərə bundan sonar yenidən baxmalı olacaq. Bu baxımdan Səudiyyə Ərəbistanı ilə olan münasibətlər də istisna deyil. Elə məhz son hadisələrin təsiri nəticəsində krallıq əvvəllər üzərində ciddi dayanmadığı məsələni şərt kimi ortaya qoydu. Belə ki, o, Şərqi Qüdslə 1967-ci il sərhədlərində müstəqil Fələstin dövləti yaranmasa və Qəzza zolağında İsrailin "təcavüzü" dayanmasa, İsraillə diplomatik münasibətlər olmayacağı barədə xəbərdarlıq edib. Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bir neçə gün öncə verdiyi açıqlamada bildirilib.
Bu arada Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi deyib ki, Bayden administrasiyası Səudiyyə Ərəbistanı və İsrailin normallaşdırma müzakirələrini davam etdirməyə hazır olduqlarına dair müsbət rəy alıb.
2020-ci ildə səudiyyəlilər körfəz qonşuları Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə İsraillə əlaqələr qurmağa mane olmadıqdan sonra İsrail və Səudiyyə Ərəbistanının rəsmi şəkildə əlaqələri möhkəmləndirməsi ideyası müzakirə olunurdu. Bu arada yenə də ABŞ vasitəçi rolunda çıxış edirdi. Amma Trampdan fərqli olaraq Bayden administrasiyası Səudiyyə Ərəbistanına bu məsələdə lazımi təsir göstərə bilmədi, və ya onun atdığı addımlar istənilən nəticəni vermədi.
Ər-Riyadın xarici siyasəti ilə tanış olan mənbələrin bildirdiyinə görə, 2023-cü ilin oktyabrında Fələstin silahlı qruplaşması HƏMAS ilə İsrail qüvvələri arasında müharibənin şiddətləndiyi bir vaxtda Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəklədiyi İsraillə əlaqələri normallaşdırmaq planlarını üstündən xətt çəkdi.
Səudiyyə Ərəbistanının Fələstin dövlətinin yaradılması istiqamətində təkid etməsini yeni reallıq kimi qəbul etmək lazımdır. Bu vaxta qədər Yaxın Şərqin və ərəb dünyasının ən nüfuzlu ölkəsi bu məsələdə ciddi mövqe ortaya qoymur və İsraillə münasibətlərin yaradılması şərtlərini irəli sürmürdü. eyni zamanda Krallıq digər Ərəb ölkələrinin İsraillə münasibətlər qurmasına mane olmurdu. Amma bundan sonra Səudiyyənin bu qərarı digər ərəb ölkələri üçün də bir işarə rolu oynayacaq. Digər dövlətlər də İsraillə münasibətlərin qurulması məsələsini Fələstin dövlətini yaradılması ilə əlaqələndirəcəklər. Deməli, Səudiyyənin bu mövqeyi Fələstin dövlətinin yaradılması istiqamətində ən güclü addım kimi qiymətləndirilməlidir.
Bundan sonra Netanyahunun Səudiyyə Ərəbistanının şərtini qəbul etməkdən başqa çıxış yolunun qalmadığı kimi görünür.
Əlimusa İbrahimov
Politoloq