Hərbi ekspert: "Ermənistan öz riyakar fəaliyyətini davam etdirir"

“Ermənistan yenə də öz riyakar fəaliyyətini davam etdirməkdədir. Hansı ki, Azərbaycan və Ermənistan şərti həmsərhəd bölgəsində tamamilə kənar ölkələrin hərbçilərini əraziyə cəlb etmək və bu yöndə digər fəaliyyətləri ilə bağlı mövcud vəziyyəti daha da gərginləşdirməkdə maraqlı görsənir. İkinci bir tərəfdən Ermənistanın müxalif deputatlarının açıqlamalarında göstərilir ki, məhz Basarkeçər istiqamətində pasport kontrol məntəqələri yaradılır. Eyni zamanda bir çox dövlət qurumlarının orada bağlanması fəaliyyəti həyata keçirilir. İlk növbədə Ermənistan belə addım atmaqla məhz beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş fəaliyyətini ortaya qoymaqdadır. Hansı ki, bir müddət öncə Çexiya vətəndaşı məhz Ermənistanın minaladığı ərazilərdən keçərək Azərbaycanın sərhədini qanunsuz keçməyə cəhd göstərib və Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. Məhz bu məsələdən özünü beynəlxalq ictimaiyyətdə sığortalamaq üçün biz bu fəaliyyətini həyata keçirdiyini deyə bilərik. Ora kənar hərbçilərin gəlməsi və Avropa İttifaqının mülki missiyası adı altında keçmiş hərbçilərinin fəaliyyətini daha da kölgədə qoymaq, daha da gizli saxlamaq məqsədilə bu addımın atılmış olduğunu deyə bilərik”.

Bunu AzNews.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O qeyd edib ki, ərazini konkret olaraq nəzarətdə saxlamaq onların oradakı bir çox məkrli fəaliyyətinin üzə çıxmasının qarşısını almaq məqsədi daşıya bilər.

“Növbəti olaraq Mehri istiqamətində də bir çox dövlət orqanların bağlanması və xüsusilə də əhalinin oradan köçürülməsi ilə bağlı fikirlər də səsləndirilir. Məhz Ermənistan mövcud vəziyyətdə və edilən təzyiqlərə görə, 2020-ci il 10 noyabr bəyanatında üzərinə götürdüyü Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyi göstəri yaratmaq xatirinə edə bilər. Bildiyimiz kimi, həmin Zəngəzur dəhlizi əsasən Mehri istiqamətindən keçir. Burda da yenə manipulyasiya edərək beynəlxalq ictimaiyyəti aldatmağa və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək “göstəricisi” üçün bu addımı atdığını deyə bilərik. Ancaq istənilən vəziyyətdə məhz Ermənistanın bütün atdığı addımların arxasında hansısa riyakar məqsədin olduğunu aydın şəkildə ortaya qoyur. Ermənistan tərəfi məhz belə riyakarlıqla mövcud vəziyyəti daha da gərginləşdirməyin əvəzinə kənar ölkələrin hərbçilərini, kəşfiyyatçılarını ora cəlb etməklə hər hansısa bir uğur əldə etməyəcək. Mən hesab edirəm ki, bizə qarşı hər hansı bir təxribat və yaxud da təhdid yaransa, Ermənistan üçün ağır nəticələrə səbəb olacaq. Ermənistan daha çox vəziyyəti gərginləşdirmək yox, məhz sülh sazişinin imzalanması yönündə addım atarsa, bu Ermənistan üçün də faydalı olar”.

Rəfiqə NAMAZƏLİYEVA