Ermənistanda hakimiyyətin dəyişməsi hazırda maraqlarımıza cavab vermir - Oqtay Qasımov

“Son dövrlər Ermənistan mətbuatında bəzi ölkələrdə belə bir xəbərlər yayılmaqdadır ki, Paşinyan guya Qərbyönümlü siyasətdə Qərbin istədiklərini tam həyata keçirə bilmədiyindən və Rusiyaya qarşı radikal addımlar atmadığına görə onun komandasının içərisindən əvəzləyəcək şəxslərin axtarışı başlanır. Bu məsələdə bir neçə şəxsin də adı hallandırılır. O cümlədən, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın adı da hallanmaqdadır. Əlbəttə, belə iddialar əvvəllər də səslənib. Yəni Paşinyan hakimiyyətinin müəyyən qədər parlaq sayılan fiqurlarının adları bu məsələdə keçib. Belə ki, siyahıda Alen Simonyanın da bir vaxtlar adı keçib. Eyni zamanda bəzi iddialar Ararat Mirzəyanı da göstərib. Bunlar bir az da fikir yayındırmaq üçün olan məsələlərdir. Düşünmürəm ki, Qərb hazırkı durumda Paşinyandan tam üz çevirib və onu yaxın zamanda dəyişmək niyyətinə düşəcək. Çünki hakimiyyət daxilindəki qruplaşma rəhbərləri hələlik tam şəkildə vəziyyətə nəzarət edə bilməzlər. Bu baxımdan bu proses hələlik məncə tam şəkildə gündəmdə deyil”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O qeyd edib ki, bütün ziddiyyətli davranışlarına və açıqlamalarına baxmayaraq və necə deyərlər, etimadsız xarakterə malik olsa da, hər halda Paşinyan reallıqları dərk eləyən bir lider olaraq Ermənistanda həmin vəziyyətə nəzarət edir.

“Mən hesab etmirəm ki, Ermənistanda hazırda hakimiyyətin dəyişməsi bölgədə bizim də maraqlarımıza cavab verə bilər. Paşinyan beş ildir hakimiyyətdədir və onunla bu və ya digər formada təmaslar qurulub. Həmçinin proses onunla davam etdirilsə, daha məntiqli olar. Onun yerinə gələcək şəxs rusiyayönümlü, Köçəryan və Sarkisyan tipində şəxslər olarsa, proseslərin hansı axarda gedəcəyi kifayət qədər problemli görünür. Qərbin gətirəcəyi adam belə bir durumda birmənalı şəkildə ancaq ordan gələn təlimatları yerinə yetirəcək ki, bu da ümumi götürdükdə bölgədə proseslərə fayda verməyəcək”.

Rəfiqə NAMAZƏLİYEVA