Ermənistan öhdəliklərini yerinə yetirməsə, normal sülh şəraiti yaranmayacaq - Tural İsmayılov

“Ermənistanda Nikol Paşinyan hakimiyyəti və onun çevrəsindəkilər qəsdən guya ölkədə revanşizm cəhdlərinin olması ilə bağlı bir fond yaratmağa çalışır. Bu revanşizm fondlarında da xarici güc faktorlarının qarşısında elə mənzərə yaradılır ki, guya Paşinyana qarşı Ermənistanın daxilində hansısa güclü bir narazılıq var. Ancaq reallıqda hamıya bəllidir ki, bu gün Ermənistan ərazilərində Paşinyana qarşı hansısa ciddi bir müqavimətdən söhbət getmir. Eyni zamanda, məhz Ermənistan anlayır ki, Cənubi Qafqazda sabitlik, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün konstitusiyasında müəyyən düzəlişlər etməli və dəyişikliklərə getməlidir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O bildirib ki, bunun olmayacağı təqdirdə Azərbaycan-Ermənistan arasındakı sülh perspektivləri ilə bağlı ortada çox ciddi suallar və müəmmalar qalmış olacaq.

“Ona görə də Ermənistan məhz bu prosesdə vəziyyəti daha da gərginləşdirmək üçün xarici güc faktorlarının təsirlərindən istifadə etməyə çalışır. Guya cəmiyyətin içərisində hansısa bir gərginlik və narazılıq yüksək həddə imiş kimi bir görüntü yaratmağa çalışır. Burada hansısa revanşistlərin Paşinyana qarşı kiçik etirazları olsa belə, hesab edirəm ki, Nikol Paşinyan da bundan istifadə edərək vəziyyəti daha da dramatik bir formada beynəlxalq ictimaiyyətə çatdırmağa cəhd edir. Hərhalda bu gün Ermənistanın hansısa güzəştlərindən yox, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyindən söhbət gedir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu olmayacağı təqdirdə regionda hansısa normal sülh şəraitinin yaranması qeyri-mümkündür”.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi sahəsi üzrə hazırlanmışdır.