Kənan Novruzov: "Paşinyanın siyasi və şəxsi təhlükəsizliyi təhdid altına düşə bilər"

“Son vaxtlar rəsmi İrəvanla Moskva arasında münasibətlər pisləşən templə davam edir. Həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ( KTMT) ölkəsi olmasına baxmayaraq, sözügedən qurumu boykot eləmək cəhdləri də özünü göstərir. Bir növ Ermənistan KTMT təlimlərindən imtina etməklə, cümlədən hərbi təlimlərlə imtina etməklə sanki qəribə də göstərmək istəyir ki, bax, mən Rusiyadan uzaqlaşıram. Eyni zamanda bu, analitik kimi belə qiymətləndirirəm ki, Rusiyaya meydan oxumaq cəhdləridir. Üstəgəl Ermənistanla Ukrayna arasında münasibətlərin dərinləşməsi də onu deməyə əsas verir ki, həqiqətən Ermənistan Rusiyadan uzaqlaşmaq yolunu tutub. Ermənistanın birdən-birə KTMT-dən çıxacağını düşünmürəm. Çünki Ermənistan baş naziri Nikol Paşinyan hər nə qədər Qərb meyilli siyasətçi olsa da, hər nə qədər Qərbə meyllənsə də onun xarici siyasəti üçün buna balanssız demək olmaz. Balanssız siyasət həm də müstəqil, heç kimdən asılı olmayan siyasəti özündə əks etdirir. Bu balanssız siyasət deyil, bu təzyiqlərdən qorxmağın təzahürüdür. Ermənistan birdən-birə Rusiyadan uzaqlaşmayacaq, bu yavaş-yavaş olacaq”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

O qeyd edib ki, Paşinyanın KTMT-ni boykot etməsi ilə bağlı rəsmi açıqlamalar bir yana, eyni zamanda pərdə arxasında bir gərginlik müşahidə olunur.

“Ola bilsin ki, hansısa diplomatik kanallardan bu gərginlik özünü göstərir və hər iki tərəf bunu ictimailəşdirməkdən çəkinir. Hələ istəmir ki, ictimailəşsin. Amma sözsüz ki,belə çox radikal addımları atsa, bu, Ermənistana baha başa gələcək.

Rusiya hegemonluq ambisiyasında olan dövlətdir. Ermənistan birdən-birə Rusiyaya hansısa zərbə vursa, Rusiyanın bunu bağışlayacağını düşünmürəm. Açığı bu, Ermənistan üçün ayrı nəticələrə səbəb olar. O cümlədən Paşinyanın həm siyasi, həm şəxsi təhlükəsizliyi təhdid altına düşə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA