- Müşahidə məntəqəsi
- 1 Aprel 2024 12:15
- 7 061
Siyasi şərhçi: "Dəhlizin açılması bilavasitə Ermənistanın özü üçün də çox vacibdir"
“Son dövrlər Qazaxıstanla Azərbaycan arasında 150-dən çox müqavilə imzalanıb. Qardaş Qazaxıstan xalqının Azərbaycana münasibəti artıq hamıya bəllidir. Bu qardaşlıq, dostluq münasibətidir. Biz eyni zamanda Türk Dövlətləri Birliyində də birləşirik və digər beynəlxalq təşkilatlarda da həmişə bir-birimizə dəstək göstəririk. Çindən Qazaxıstanı keçməklə Azərbaycana gələn, konteyner qatarı artıq gəldi. Təsəvvür edin ki, 52 günə gələn həmin qatar cəmi 12 günə gəldi çatdı. Artıq bu yolun açılmasına, orta dəhlizinin işə düşməsinə çox az qalıb. Zəngəzur dəhlizi açılmalıdır. Bu elə 2020-ci ildə Üçtərəfli Bəyanatda da öz əksini tapıb. Sadəcə olaraq ermənilər bu məsələni uzatdılar. Biz həmin o Zəngəzura qədər olan dəhlizi artıq inşa etmişik. Ancaq 43 kilometrə yaxın bir məsafə Ermənistan tərəfindən hələ tam təmir olunmur, düzəldilməyib və bunu da müxtəlif səbəblərdən etmir. Üçtərəfli Bəyanatda Rusiya-Ermənistan-Azərbaycan rəhbərlərinin bəyanatının doqquzuncu maddəsində göstərilirdi ki, həmin dəhlizə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidməti edəcək. Ermənilər bəhanə etdilər ki, Ermənistan ərazisi də Ermənistanın öz daxili hesabına mühafizəsini, təhlükəsizliyini təmin edəcək. Hətta Paşinyan Təhlükəsizlik Komitəsinin nəzdində həmin nəqliyyatın tərkibini təmin etmək üçün bölmə də yaratdığını da bildirdi. Xüsusilə də ermənilər dəhlizin açılmasına razılıq vermədikdən sonra biz Azərbaycanın qərb rayonlarını Naxçıvana birləşdirmək üçün açılan yolu İran ərazisindən açmağa məcbur olduq. Bununla bağlı artıq müqavilələr bağlanıb. Artıq körpülər də tikilib qurtarır, yaxın zamanlarda işə düşəcək”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib.
O qeyd edib ki, bundan sonra Ermənistan və onun havadarları olan həm Amerika, həm də Avropa Birliyi həmin yolun, orta dəhlizin məhz Ermənistan ərazisinə keçməsinin lazım olduğunu bildirdilər.
“Sonra isə Paşinyan həmin bəyanatla çıxış etdi ki, biz öz ərazimizdə həmin yolun təhlükəsizliyini özümüz təmin edəcəyik. Artıq belə demək olar ki, onlar da razıdırlar. Mütləq açılacaq. Çünki həmin dəhlizin açılması bilavasitə Ermənistanın özünə də çox vacibdir. Eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan yox, bu yolun açılmasını ən çox istəyən həm də Çin dövlətidir. Həmin İpək Yolunun işə düşməsi üçün, həmçinin bu gün Qərb tərəfindən sanksiyalara məruz qalan Rusiya üçün bu yolun açılması çox vacibdir. Bu yolun açılması Rusiya üçün bir nəfəslikdir. Onların mallarının idxalı, ixracı bu sahədən keçir. Buna görə də bu yolun yaxın zamanlarda açılmasına Ermənistan razılıq verəcəkdir. Onlar bildirirlər ki, guya Azərbaycan bu yolun açılması üçün Ermənistana hücum edib, müharibə edəcək. Bunlar hamısı yalandır. Əslində isə artıq danışıqlar yolunda bu məsələ həll olunmaq üzrədir. Hesab edirəm ki, bu yolun açılması ilk növbədə Ermənistanın özünə lazımdır və bu da yaxın zamanda da biz bunları görəcəyik”.
Rəfiqə NAMAZƏLİYEVA