Qərb Cənubi Qafqazda qurulan yeni geosiyasi konfiqurasiya ilə barışmaq istəmir - Vüqar Əhmədov

“Aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək. Görüş müzakirələrinin fonunda bir neçə gündür, Ermənistanın şərti sərhədə qoşun yığması, silah-sursat daşıması barədə məlumatlar yayılır”.

“Hesab edirəm ki, bu Qərbdən məqsədli şəkildə Ermənistanın əli ilə Azərbaycana qarşı yönəlmiş təxribatdır və bu mərkəzləşdirilmiş qaydada planlı şəkildə aparılır. Bu gün Ermənistandan Naxçıvan istiqamətində atılan atəş və törədilən təxribat Azərbaycanı hədəfindən yayındırmağa və qarşıdurmanın müstəvisini genişləndirməyə hesablanıb. Bu yaxınlarda Qərbin maliyyələşdirdiyi bir anti-Azərbaycan mediasında belə bir fikir səslənmişdir ki, əgər Azərbaycan davamlı şəkildə Qazaxın kəndləri və Zəngəzur məsələsindən əl çəkməsə Ermənistan Naxçıvan istiqamətində cavab addımları ata bilər. İndi belə görünür ki, bütün bunlar planlaşdırılmış addımlardır. Azərbaycanı öz hədəflərindən yayındırmağa hesablanıb”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, 5 aprel tarixində Brüsseldə ABŞ, Avropa İttifaqı rəsmilərinin Paşinyanla olan görüşü də Azərbaycana qarşı yönəlmiş hərəkətlərdir və bunun arxasında suverenliyimizə qarşı addımlar dayanır.

“Çünki Qərb Cənubi Qafqazda Azərbaycan və Türkiyənin müəllifliyi ilə qurulan yeni geosiyasi konfiqurasiya ilə barışmaq istəmir. Ermənistanın əli ilə bu konfiqurasiyanı pozmağı hədəfləyib. Bu görüş də həmin planın tərkib hissəsidir. Azərbaycanın Ermənistanı öhdəliklərin yerinə yetirilməsinə məcburetmə yolundan çəkindirməyə hesablanıb. Bu məhz həmin Qərbdir ki, 30 il Ermənistanın başının altına yastıq qoyaraq sülh danışıqlarını uzatdı və nəhayət Azərbaycan sülhə məcbur etmə əməliyyatı keçirdi. Məhz müharibənin 44 gün çəkməsi sübut edir ki, Azərbaycanın məqsədi müharibə etmək deyil, bölgədə sülh və sabitliyi bərqərar etmək idi. İndi yenə Qərb bölgədə nizamlanma proseslərini durdurmağa çalışır, lakin bu addımlar regiona heç də müsbət perspektivlər vəd etməyə bilər. Bölgənin əsas aparıcı ölkəsi Azərbaycandır. Onunla hesablaşmadan belə addımlar vəziyyətin daha da mürəkkəbləşməsinə xidmət edəcək”.

Rəfiqə NAMAZƏLİYEVA