Ramiz Alıyev: "Bu, təxribatların olacağına işarədir"

“Vətən müharibəsində olan zəfərimizin və eyni zamanda 2023-cü ildə anti-terror tədbirləri nəticəsində ərazi suverenliyimizin bərpa olmasının təməli, 2016-cı ilin aprel döyüşlərindən qoyulmuşdur. Aprel döyüşləri zamanı Azərbaycanın igid oğulları, qüdrətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə erməni təxribatına layiqli cavab verərək, onları cəzalandırmışdır. Lələtəpə yüksəkliyi daxil olmaqla bir çox ərazilərə nəzarəti öz üzərinə götürmüşdür. Bu da artıq dörd ildən sonra böyük bir zəfərin olacağına işarə idi. Ermənistan ordusu öz gücsüzlüyünü nümayiş etdirdi. Azərbaycan ordusu isə təbii ki, öz qüdrətini, gücünü həm Ermənistana, həm də onun havadarlarına göstərmiş oldu. Bundan sonra isə Azərbaycan ordusu yenə də Azərbaycan xalqı ilə birlikdə müzəffər Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirərək tarixi torpaqlarımızı düşməndən azad etdi və bizə bu böyük zəfəri yaşatdı. Lakin Ermənistanın baş naziri və Ermənistan dövləti öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən ya boyun qaçırır, ya da bu öhdəliyi yerinə yetirmək istəmir, yayınır. Əlbəttə bu, Ermənistan üçün yaxşı nəticələnməyəcək. Biz bunu dəfələrlə görmüşük. İstər anti-terror tədbirləri, istərsə də qisas əməliyyatlar zamanı Ermənistan ordusunun hansı səviyyəyə düşməsinin şahidi olmuşuq. Azərbaycanın dəfələrlə etmiş olduğu xəbərdarlıqlarına baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatçılıq əməllərindən əl çəkməyərək, öz himayədarlarının və havadarlarının dəstəyi ilə təxribatlar törədərək regionda yeni münaqişələrin yaranmasına çalışır. Böyük güclərin Cənubi Qafqazda barıt çəlləkləri yerləşdirərək, regionu Ukrayna yaxud da İraq, Suriyaya döndərməyə çalışır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib.

O qeyd edib ki, 5 apreldə Ermənistan, Avropa Birliyi və ABŞ üçtərəfli olaraq Ermənistanın təhlükəsizliyi ilə bağlı konfrans keçiriləcək və burada Cənubi Qafqazla bağlı qərarlar qəbul olunacağı fikirlərinin səslənməsi yanlışdır.

“Çünki Cənubi Qafqazda bir Ermənistan deyil, üç dövlət var. Bu dövlətlər içərisində də böyük iqtisadi inkişafı, hərbi gücü ən yüksək olan dövlət Azərbaycandır ki, birinci olaraq Azərbaycanla əməkdaşlıq olunması və bu konfransa, Azərbaycan və Gürcüstan da daxil olmalıdır. Hər üç ölkə bu konfransda iştirak edib müəyyən qərarlar qəbul etməlidir. Təəssüf ki, Qərb yalnız və yalnız Ermənistanı silahlandıraraq, təxribatlara hazırlayaraq Cənubi Qafqazda yeni bir münaqişə ocağının yaranmasına cəhd göstərir. Azərbaycan tərəfi BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnaməni icra edən bir ölkə, dövlət olaraq bu günlərdə yenidən Ermənistana xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəlikləri Qazaxın dörd kəndi və yeddi kəndi və Naxçıvanın Kərki kəndinin də qaytarılması, eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistanın qətiyyətli olmağını gözləyir. Ermənistanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi və dövlət, hökumət başçısı olaraq verdiyi sözü, imza atdığı sənədə uyğun olaraq tələb edir. Bu olmayacaqsa, Ermənistan regionda yeni təxribatlara cəhd edəcəksə, layiqli cəzasını alacaqdır.

Siyasi şərhçi sonda vurğulayıb ki, Ermənistan şərti sərhəddə həm canlı qüvvəsini, həm də zirehli texnikasını yerləşdirməkdədir və bu da yeni təxribatların olacağına işarədir.

“Azərbaycan ordusu təbii ki, öz gücünü növbəti dəfə göstərərək Ermənistana nəyə qadir olduğunu sübut edəcəkdir. Bundan sonra hesab edirəm ki, Ermənistan daha ağıllı davranmağa başlayacaq. Onu da qeyd edim ki, Ermənistanın Cənubi Qafqazda Qərbin yeni bir oyunçağı olduğu vaxtda regionun digər ölkələri dövlətləri İran, Rusiya, eyni zamanda Türkiyə bu məsələdə narahatçılığını bəyan etmişdir. Ermənistanın yenidən münaqişə yaratmağa cəhd göstərməsinə əngəl olmağa çalışırlar. Həm İran, həm də Rusiya Ermənistanın vaxtilə tərəfdaşı olmuşlar. Bu gün Ermənistan həmin ölkələri də sataraq Qərbin alətinə çevrilib. Onlara qarşı da gələcəkdə müəyyən təxribatlarda yer alacağını göstərmiş olur. Hesab edirəm ki, hər iki ölkə Ermənistanı müəyyən formada cəzalandıracaqdır”.

Rəfiqə NAMAZƏLİYEVA