"Başda ABŞ olmaqla Qərb, Cənubi Qafqazda yeni qaynar ocaqlar yaratmaq istəyirlər" - Azad Məsiyev

“Gürcüstanda uzun müddətdir ki, xarici agentlərlə bağlı qanun layihəsinə etiraz olaraq aksiyalar getməkdədir. Artıq dövlət parlament qanun layihəsini qəbul edərək, prezidentə təqdim edib. Prezident isə bunu veto qoyub geri qaytarır. Ümumilikdə parlament gec-tez bu qanunu qəbul edəcəkdir. Çünki Gürcüstan hakimiyyəti dövlətin və xalqın maraqlarını nəzərə alaraq suveren, müstəqil bir siyasət həyata keçirmək istəyir. Xarici dövlətlərin Gürcüstanın daxili işinə qarışmasına rəvac verəcək addımların qarşısını almaq üçün qanun qəbul edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

O qeyd edib ki, başda ABŞ olmaqla Qərb, Cənubi Qafqazda yeni qaynar ocaqlar yaratmaq istəyir.

“Gürcüstanı öz təsirinə salıb, yenidən Cənubi Qafqazda xaos yaratmaq istəyir. Gürcüstan hakimiyyəti bu cür təxribat xarakterli siyasi gedişlərin qarşısını almaq üçün qanun qəbul etmək məcburiyyətində qalıb. Gürcüstanın baş naziri bu yaxınlarda açıqlama verdi ki, Gürcüstanı yeni münaqişəyə sürükləməsi ilə Ukraynanın vəziyyətinə gətirmək istəyirlər. Bu isə Gürcüstan dövlətinin və xalqının maraqlarına uyğun deyil və Gürcüstanın bugünkü hakimiyyətin apardığı müstəqil siyasət sorosçuları qane etmir. Bu baxımdan Sorosçular yenidən Gürcüstanda iğtişaş törədərək dövlət çevrilişi etmək istəyirlə. Bu günlərdə ABŞ-ın dövlət katibinin açıqlaması da açıq şəkildə Gürcüstan hakimiyyətinə, xalqına təhdid və şantaj xarakter daşıyır. Çünki hər bir dövlət, xalq, parlament müstəqil fəaliyyət göstərək, özünəməxsus, özlərinin siyasi maraqlarına uyğun qanunlar qəbul edir. Açıq şəkildə bu qanunun qəbul edilməsinə qarşı başda Birləşmiş Ştatlar olmaqla, Qərb Gürcüstan dövlətinə təzyiq edir və şantaj etməklə məşğuldurlar. Bu bir daha onu göstərir ki, ABŞ-ın siyasi davranışları beynəlxalq hüquq prinsiplərinə söykəmir. Güc, təhdid, şantaj vasitəsilə öz maraqlarını həyata keçirmək istəyir. Gürcüstan parlamenti, demokratik yolla seçilmiş bir parlamentdir. Xalqın iradəsi ilə formalaşmış bir parlamentdir və parlamentdə qəbul ediləcək qanun xalqın maraqlarına söykənməlidir. Demokratiyanın təməl prinsipi azlığın çoxluğa tabe olması deməkdir. Ancaq bu gün Gürcüstanda nə baş verir? Bu gün Gürcüstanda azlıq çoxluğa tabe olmaq istəmir və bir qrup sorosçular bu qanuna qarşı açıq etirazlarını bildirir. Gürcüstanda bir xaos yaratmaq istəyir və iğtişaşlar, etirazlar da ABŞ tərəfindən qızışdırılır, rəvac verilir. Toplantılara xarici səfirliklərin nümayəndələri birbaşa daxil olur. Bu da Gürcüstan dövlətinin daxili işinə qarışmaq deməkdir. Bu, beynəlxalq normaların pozulması deməkdir”.

“Hesab edirəm, Gürcüstan dövləti buna qarşı adekvat cavab verəcək. O ki qaldı, dövlət katibinin təhdid dilində danışması, beynəlxalq normalara zidd olan bir məsələdir. Gürcüstanda yeni dövlət çevrilişi edərək və Gürcüstanı öz təsirinə alaraq Cənubi Qafqazda yeni bir xaos ocağının yaranmasına rəvac verəcək. Gürcüstan hakimiyyəti bu məsələdə prinsipial mövqe tutacaqdır. Ümumilikdə hazırda Cənubi Qafqaz qlobal güclərin savaşına çevrilib. Birləşmiş Ştatlar və Qərb koalisiyası Cənubi Qafqaza girərək Rusiyanın cənub cinahını bağlamaq istəyir. Bu baxımdan Ermənistanda möhkəmlənib və Gürcüstanda da hakimiyyəti devirdikdən sonra növbəti hədəf Azərbaycan olacaq. Təbii ki, bu cür siyasət Cənubi Qafqazda xaos yaradacaq. ABŞ-ın bu cür siyasəti Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə edilməsinə də mane olan bir məsələdir. Çünki Gürcüstanda hakimiyyət çevriliş edib, öz adamlarını hakimiyyətə gətirdikdən sonra Gürcüstanın da Ermənistan üzərindən Azərbaycana təzyiq etmə siyasəti başlayacaqdır. Cənubi Qafqazda stabilliyin yaranması üçün mütləq şəkildə Cənubi Qafqaz region dövlətləri ilə əməkdaşlığı gücləndirməlidir. Xaricdən gələn təzyiqlərə cavab verməlidir. Hesab edirəm ki, Cənubi Qafqazda stabilliyin pozulması tək Cənubi Qafqaz respublikaları üçün deyil, region dövlətləri üçün də təhlükə mənbəyidir”.

Rəfiqə NAMAZƏLİYEVA