Ermənistanda XAOS yoxsa, SÜLH qalib gələcək?

“Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının, sülh prosesinin olması ilə bağlı hansısa bir addımların atıldığına biz şahid oluruq. Məsələ ondadır ki, Azərbaycan tərəfinin konkret mövqeyi var. Konkret qərarı var ki, Ermənistan konstitusiyası dəyişməlidir. Hazırda Ermənistanda çox ciddi proseslər gedir”.

Bunu AzNews.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmmədov deyib.

Hərbi ekspert qeyd edib ki, hazırda Ermənistanda sözün əsl mənasında xaos hökm sürür.

“Buna görə də Ermənistanın sülhə gedəcəyini demək bir qədər çətin məsələdir. Burada digər məsələlər də var. Misal üçün, Paşinyan indiki məqamda konstitusiya dəyişikliklərini elan edə bilməz. Bunu edərsə, mütləq ciddi şəkildə cəzalanacaq. Hesab edirəm ki, yüksək olmayan reytinqi ona baha başa gələ bilər. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda daxili işlər nazirliyi, xüsusi xidmət orqanları Paşinyana sadiq olsa da, müdafiə nazirliyi və ordu ilə bağlı bunu demək mümkün deyil. Çünki həqiqətən də ordunun daxilində başqa qruplara xidmət edən, nəzarətində olan şəxslər, generallar və yaxud da zabitlər var. Bunun üçün də Ermənistandan bu tip hallar gözlənilən idi. Hesab edirəm ki, ara-sıra bu cür halların baş verməsi müşahidə olunacaq. İran-Azərbaycan münasibətləri məsələsinə gəldikdə, mayın 3-də müdafiə nazirinin müavini Kərəm Mustafayevin İrana səfəri olmuşdu. Ondan əvvəl dəfələrlə İran Ermənistana təklif etmişdi ki, birgə təlimlər həyata keçirsinlər. Lakin Ermənistan tərəfi bunların hamısını cavabsız qoymuşdu. İranla Azərbaycanın hərbi təlimlər keçirməsi təbii ki, Ermənistanda qıcıq yaradacaqdı. Çünki Ermənistanın ərazisində Rusiyanın hərbi bazası var. Bundan əlavə, Ermənistan Amerika hərbçilərinə təlim keçirir. Fransadan oraya gələnlər var və bütün bunların fonunda Ermənistan düşünmür ki, İranla münasibətləri pik həddə çatdıra bilməsin. İran əlbəttə istəyirdi ki, Ermənistanı cilovlasın. Ancaq bu da baş vermir. İndiki məqamda düşünürəm ki, İran-Azərbaycan münasibətləri ilə əlaqəli olaraq prosesi bir qədər də çətinləşdirəcəklər”.

Rəfiqə NAMAZƏLİYEVA