“Birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini daha da gücləndirəcək” - DEPUTAT

“İyulun 3-də Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”ni mühüm siyasi hadisədir. Bəyannamə Azərbaycan-Çin münasibətlərinin iqtisadi, siyasi, humanitar, ictimai, mədəni elm və digər sahələrdə uzunmüddətli əməkdaşlığına dərin yol açır. Birgə Bəyannamə həm də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) yer almasına və ŞƏT çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini təşviq edir ki, bu da Azərbaycanıln qlobal iqtisadiyyatda rolunu artıracaq”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və Çin münasibətləri qarşılıqlı hörmət və yaxın dostluq prinsiplərinə əsasalanır.

“Bu iki ölkə arasında qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə güclü zəmin yaradılmasında mühüm rol oynayıb. Cənab Prezident İlham Əliyev Çinə səfərləri, eləcə də, müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə görüşləri əlaqələri daha da inkişafına səbəb olub, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəngin töhfələr verib. BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləmiş, Qarabağ Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan etmişdir. Azərbaycanın isə “Vahid Çin” siyasətini dəstəkləyib. Ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamikası da son illərdə artmaqdadır”.

“Yaradılmış əlverişli investisiya mühiti Çin şirkətlərinin ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində birgə işbirliyinin artmasına yol açıb, çinli investorların sayının artmasına mühüm təsir göstəribdir. Hazırda Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir ki, bu da cəlbedici investisiya iqliminin nümunəsi hesab oluna bilər. “Bir kəmər – bir yol” nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən və siyasi dəstək verən ölkələrdən biri kimi Azərbaycan Çinlə bu tranzitin inkişafına dair Anlaşma Memorandumu imzalanıb və sonrakı dövrlərdə Azərbaycan bu dəhlizin strateji önəminə xüsusi diqqət ayırıb. Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək Yolu İqtisadi Kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur”.

Rəfiqə NAMAZƏLİYEVA