“Varşavada keçirilən ATƏT konfransında Azərbaycanın mövqeyi geniş təqdim olunub” - Nəzrin Əliyeva

“Bu il də hər il olduğu kimi, 6–17 oktyabr tarixlərində Polşanın Varşava şəhərində keçirilən ATƏT-in İnsan Ölçüsü Konfransında iştirak etmişəm. Tədbir çərçivəsində həm plenar iclaslarda, həm də ayrıca təşkil edilən yan tədbirdə müxtəlif təqdimat və mövzularda çıxışlar etmişəm. Plenar iclasların mövzuları müxtəlif istiqamətləri əhatə edib. Çıxışlarımda beynəlxalq insan hüquqları, humanitar hüquq, silahlı münaqişə kontekstində humanitar çağırışlar, fikir, söz və media azadlığı, eləcə də milli, yerli və regional səviyyədə demokratiya, Azərbaycanda məhkəmə hakimiyyəti və məhkəmə araşdırmaları, həmçinin işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəzaların qarşısının alınması kimi mövzulara toxunmuşam. Bundan əlavə, 8 oktyabr tarixində konfransın əsas zalında yan tədbir təşkil olunub. Yan tədbirin əsas mövzusu məcburi köçkünlərin hüquqları və bu sahədə yurisdiksiya, ədalət və konstitusion öhdəliklərin təminatı olub”.

Bu fikirləri AzNews.az-a ‘İnsan Hüquqlarının Təşviqi Mərkəzi’ İctimai Birliyinin sədr müavini Nəzrin Əliyeva deyib.

Sədr müavini qeyd edib ki, tədbirdə 60-dan artıq nümayəndə, ondan çox ölkədən, o cümlədən Ermənistandan olan QHT və diplomatlar iştirak edib.

“Tədbirdə Azərbaycanın 30 illik işğal və etnik təmizləmə siyasətindən əziyyət çəkməsi, İkinci Qarabağ müharibəsindən sonra torpaqların azad olunması, eləcə də azad edilmiş ərazilərdə aparılan abadlıq, quruculuq və bərpa işlərinin modeli barədə geniş məlumat verilmişdir. Çıxışımda həmçinin işğal dövründə məcburi köçkünlərin üzləşdiyi çətinliklər, pozulmuş hüquqları, azad edilmiş ərazilərdə ermənilər tərəfindən törədilmiş mədəni və ekoloji fəsadlar, eləcə də köçkünlərin psixoloji və sosial adaptasiya problemləri barədə də danışmışam. Eyni zamanda, əsli Nüvədi kəndindən olduğumu vurğulayaraq, insan hüquqları kontekstində dinc geri dönüş hüququnun əhəmiyyətini qeyd etmiş və Qərbi Azərbaycana qayıdış ümidlərinin artdığını xüsusi olaraq diqqətə çatdırmışam. Tədbirin sonunda iştirakçılar tərəfindən müxtəlif suallar ünvanlanıb, müzakirələr aparılıb və ətraflı təhlillər həyata keçirilib”.

Rəfiqə Namazəliyeva,

Aznews.az

image description image description image description image description image description image description image description image description image description