- Müşahidə məntəqəsi
- 18:21
- 1 514
“Keyfiyyətli elm mərhələli təhsildən başlayır” - Sona Əliyeva
“Strukturlaşdırılmış doktorantura proqramlarının tətbiqi doğru, lakin gecikmiş addımdır. Çünki indiyədək doktorantura çox vaxt sistemsiz şəkildə, əsasən dissertasiyaların yazılması üzərindən aparılırdı. Metodologiya, akademik yazı, tədqiqat etikası və beynəlxalq elmi mühitlə əlaqə isə şəxsi təşəbbüsə bağlı qalırdı. Bu baxımdan yeni model müəyyən boşluqları doldura bilər. Açıq demək lazımdır ki, doktorantura əvvəlki mərhələlərdə yaranan problemləri təkbaşına həll edə bilməz”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Sona Əliyeva deyib.
Qeyd edək ki, Azərbaycanda elmi kadr hazırlığı sistemində mühüm dəyişikliklər gözlənilir. Son illər doktorantura təhsilinin məzmunu, keyfiyyəti və nəticəyönümlülüyü ilə bağlı müzakirələr fonunda Elm və təhsil naziri Emin Əmrullayev strukturlaşdırılmış doktorantura proqramlarının tətbiq olunacağını açıqlayıb. Nazir bildirib ki, gələn ilin sentyabrından etibarən başlanacaq bu proqramlar doktorantura təhsilini daha sistemli, mərhələli və beynəlxalq standartlara uyğun şəkildə təşkil etməyi hədəfləyir. Sözügedən təşəbbüs elmi tədqiqatların effektivliyinin artırılması və gənc alimlərin akademik hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Ekspert qeyd edib ki, elmi araşdırmalar güclü doktorantura proqramlarının məktəb və ali təhsil pillələrində formalaşan analitik düşüncə və tədqiqat bacarıqları üzərində qurulduğunu göstərir.
"Bizdə isə bu bacarıqlar çox vaxt məktəbdən başlayaraq zəif formalaşır, bakalavr və magistratura pillələrində isə formal xarakter daşıyır. Yeni proqram bu boşluqları tam aradan qaldırmasa da, metodoloji hazırlığı sistemləşdirə və doktoranturanı mərhələli, nəticəyönümlü prosesə çevirə bilər. Amma bu yalnız bir şərtlə mümkündür, strukturlaşdırılmış doktorantura formal kurslar toplusuna yox, real elmi rəhbərlik, tədqiqat mühiti və ölçülə bilən nəticələrə əsaslanmalıdır. Zənnimcə, bu model elmi kadr hazırlığında müsbət dönüş yarada bilər, amma problemin kökü daha dərindir. Elmin keyfiyyəti yalnız doktoranturada yox, təhsilin bütün pillələrində formalaşır. Ümumi orta və ali təhsildə metodoloji baza güclənməsə, doktorantura sistemi daim əvvəlki boşluqları kompensasiya etməyə məcbur qalacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az