- Müşahidə məntəqəsi
- 19:52
- 1 339
“Toy və yas adətləri vahid norma ilə tənzimlənməlidir” - Hüseyn İbrahimov
“Ümumiyyətlə, həm toy, həm də yas mədəniyyəti bizim adət-ənələrimizin bir hissəsidir və hər biri tarixi keçmişi ilə fərqlənir. Müasir dövrdə bu adətlərə yeni elementlər daxil olub və nəticədə onların mürəkkəbliyi artır, insanlara isə yorucu təsir göstərir. Bir çox hallarda adətlər öz formalarından xeyli uzaqlaşır. Hər bir adətin öz məzmunu və ifadə forması olmalıdır. Toy adətlərində müəyyən yenilikləri tətbiq edə bilsək, həm forma, həm də məzmun baxımından bu yeniliklər ümumi qəbul olunmuş norma çərçivəsinə salına bilər. Eyni yanaşmanı yas adətlərinə də tətbiq etmək mümkündür. Buna görə də cavab olaraq toy adətlərindən başlamaq məqsədəuyğundur. Bugünkü toy adətləri, qeyd etdiyimiz kimi, əvvəlki formalarını xeyli itirib. Burada iştirakçıların sayı, musiqi seçimləri, kiçik uşaqların iştirakı, toyun davametmə müddəti, yeməklərin çeşidi və qonaqların tərkibi kimi məsələlər əhəmiyyətlidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Qeyd edək ki, toylar artıq Milli Məclisin müzakirəsinə çıxıb. Ölkə əhalisinin böyük əksəriyyəti toyların necə, hansı formatda və dəbdəbədə keçirildiyini bilir. Millət vəkili Aqil Abbas bildirib ki, nə qədər fərman çıxarsalar da, toy yenə də toy olaraq qalacaq və tam qadağa mümkün deyil. Spiker Sahibə Qafarova insanları toy mədəniyyəti ilə bağlı maarifləndirməyin vacibliyini vurğulayıb. Deputat Razi Nurullayev isə toylardakı israfçılığı tənqid edərək, toyların beynəlxalq standartlara uyğunlaşdırılmasını təklif edib.
Sosioloq bildirib ki, bütün bunlar vahid norma çərçivəsinə salınmalıdır, çünki cəmiyyət özü bunu tənzimləyə bilməz.
"Məsələn, siqaretin zərərləri ictimaiyyətə uzun müddət marifləndirilirdi. İctimai yerdə çəkilməsinə qadağa qoyulduqdan sonra isə bu tamamilə aradan qalxdı. Eyni yanaşmanı toy və yas adətlərinə də tətbiq etmək mümkündür. Qaydaların tətbiqinə əvvəlcə böyük şəhərlərdən, xüsusilə paytaxtdan başlamaq lazımdır, çünki paytaxt şəhər mədəniyyəti cəmiyyət üçün nümunə olur. Əgər paytaxtda bu adətlərin sadələşdirilməsini tətbiq edə bilsək, bölgələrdə də bunu etmək mümkün olacaq. Beləliklə, adətlər üçün cəmiyyət tərəfindən müəyyən məhdudiyyətlər qoyulmalıdır. Bu, şadlıq evlərinin maraqlarına uyğun gəlməyə bilər, amma cəmiyyətin dəyərləri və adət-ənələri bundan üstün olmalıdır. Cəmiyyətin adət-ənələri, nizam-intizamı və makro-mikro strukturunun sabitliyi əsasən bu dəyərlərdən asılıdır. Ona görə də bu dəyərləri qorumaq və tətbiq etmək vacibdir. Toy məclisləri üçün konkret tövsiyələr belədir: iştirakçı sayı 40-50 nəfərdən artıq olmamalıdır, toylar oturaq deyil, ayaqüstü və yüngül yeməklərlə, 2-3 saatlıq müddətdə keçirilməlidir. Bu yanaşma həm effektli, həm də insanların rahatlığı baxımından əlverişlidir. Eyni zamanda, bu cür dəyişikliklər yas adətlərində də dəbdəbənin qarşısını almağa kömək edəcək. Əgər qanunla bu qaydalar təsbit olunarsa, ictimaiyyət onları qəbul edəcək. Tarixi misallardan da göründüyü kimi, məsələn, qohumlarla evliliklərin qadağan olunması və siqaretin ictimai yerdə çəkilməməsi kimi qadağalar cəmiyyət tərəfindən müsbət qarşılanıb. İnsanlar artıq belə dəbdəbəli və yorucu toylardan beziblər və adətlərin dəyişdirilməsinə böyük ehtiyac var".
Rəfiqə Namazəliyeva,
AzNews.az