“Təhsildə süni intellekt üçün baza formalaşmayıb” - Məzahir Məmmədli

“Biz artıq təhsilimizi dünya təhsil sisteminin tərkib hissəsi hesab ediriksə, bu halda müəyyən mənada qlobal təhsil tendensiyalarına uyğunlaşmalıyıq. Bu gün dünya təhsili süni intellektlə bağlı artıq bir neçə addım atıb və bu texnologiyanın tətbiqinə sürətlə başlanılıb. Azərbaycanda isə təəssüf ki, bu proses gecikir, ləng gedir. Təkcə orta ixtisas məktəblərində deyil, hətta ali təhsil səviyyəsində, xüsusilə də süni intellektin tətbiqinə daha çox ehtiyac duyulan yaradıcı sahələrdə bu istiqamətdə ciddi irəliləyiş müşahidə olunmur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, Elm və Təhsil Naziri Emin Əmrullayev ölkədə təhsil sisteminin uzun müddətdir dəyişmədiyini, dörd nəslin eyni fənləri tədris etdiyini vurğulayıb. Nazir bildirib ki, bir çox fənlərin dövrü artıq başa çatıb və müasir təhsil yeni yanaşmalar tələb edir. Onun sözlərinə görə, bu prosesə süni intellektin cəlb olunması da mümkündür.

Ekspert qeyd edib ki, süni intellektin yaxın perspektivdə məktəblərə, xüsusilə də orta ixtisas təhsili müəssisələrinə tətbiqi asan olmayacaq.

"Çünki bunun üçün ilk növbədə mütəxəssislər hazırlanmalı, maddi-texniki baza formalaşdırılmalıdır. Yalnız bu halda həm tədris fənlərinin yenilənməsi, həm də süni intellektin real tətbiqi mümkün ola bilər. Bu baxımdan nazirin mövqeyində müəyyən qədər haqlılıq var. Hazırda Azərbaycan təhsilində inkişaf gözləntiləri kifayət qədər yüksəkdir və bu, həm sosial şəbəkələrdə, həm mediada, həm də ictimai müzakirələrdə açıq şəkildə hiss olunur. Lakin təhsildə tətbiq olunan yeniliklərin keyfiyyətini və real effektini görmək üçün zamana ehtiyac var. Əgər bu gün tətbiqə başlasaq belə, onun nəticələrini ən yaxşı halda 5–6 ildən sonra müşahidə edə bilərik. Reallıq isə ondan ibarətdir ki, süni intellektin tətbiqinə hələ başlanılmayıb. Bu da o deməkdir ki, ən azı növbəti 3–4 il ərzində mövcud vəziyyətin davam edəcəyi ehtimalı böyükdür. Çünki hər hansı yeniliyin tətbiqindən dərhal sonra, bir neçə ay ərzində ciddi nəticə gözləmək mümkün deyil".

Rəfiqə Namazəliyeva,

AzNews.az