- Müşahidə məntəqəsi
- 18:17
- 1 021
“III qrupda çətinliklər abituriyentləri seçimdən çəkindirir” - Məzahir Məmmədli
"Birinci və ikinci ixtisas qrupları üzrə seçim zamanı abituriyentlər üçün müəyyən imkanlar mövcuddur və bu sahəyə hazırlaşmaq nisbətən daha əlçatan hesab olunur. Hətta abituriyentlərin öz ifadəsi ilə desək, bu qruplar “daha asan” kimi qiymətləndirilir və buna görə də maraq daha çox bu istiqamətə yönəlir. Dördüncü qrupda isə əsasən tibb ixtisaslarının yer alması və keçid ballarının yüksək olması səbəbindən bir çox abituriyent bu istiqamətdən çəkinir. Üçüncü qrupla bağlı vəziyyət isə bir qədər fərqlidir. Bu qrupda tələblər daha sərtdir. Çünki imtahan verənlər üçün əsas bal gətirən fənn Azərbaycan dili və ədəbiyyatdır və son dövrlərdə bu fənn üzrə müəyyən çətinliklər müşahidə olunur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin ilk cəhdi üçün qeydiyyat prosesi hələ də davam edir. İlkin məlumatlar göstərir ki, abituriyentlərin üstünlük verdiyi istiqamətlər dəyişib: ən yüksək müraciət I və II ixtisas qruplarına yönəlib, III və IV qruplar isə nisbətən az seçilib. Əvvəlki illərdə isə vəziyyət fərqli idi və əsas sıxlıq III qrupda müşahidə olunurdu. Bu dəyişiklik abituriyent seçimlərində yeni tendensiyaların formalaşdığını göstərir.
Ekspert bildirib ki, xüsusilə açıq tipli sualların vaxt aparması və daha çox məntiqi düşünmə tələb etməsi abituriyentlərin nəticələrinə mənfi təsir edir.
"Məhz bu səbəbdən bəzi abituriyentlər üçüncü qrupdan uzaqlaşmağa üstünlük verir. Açıq tipli, məntiq yönümlü sualların geniş yer alması onları seçim zamanı tərəddüd etməyə vadar edir. Digər tərəfdən, orta məktəblərdə məntiqin ayrıca və sistemli şəkildə tədris olunmaması, ali təhsil müəssisələrində də bu sahənin zəif təqdim edilməsi fonunda imtahanlarda məntiqi sualların yer alması abituriyentləri seçimlərini yenidən nəzərdən keçirməyə məcbur edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az