"Ali təhsil ailənin maddi imkanından asılı imtiyaza çevrilməməlidir" — Sona Əliyeva

“Ali təhsil hər bir gəncin həyatında çox önəmli mərhələdir. Amma bu gün bir çox ailə universitetə qəbul sevincini yaşayırsa, bununla yanaşı ciddi maddi narahatlıqlarla da üzləşir. Çünki məsələ təkcə təhsil haqqı deyil. Regiondan Bakıya gələn tələbə həm təhsil haqqını ödəməli, həm kirayə verməli, həm də gündəlik yaşayış xərclərini qarşılamalıdır. Və hər ailənin buna imkanı çatmır. Bəzən gənc universitetə qəbul olur, amma təhsilini davam etdirmək üçün işləməyə məcbur qalır. Dərsdən sonra saatlarla işləyən, gecə növbəsindən çıxıb səhər dərsə gedən tələbədən yüksək akademik nəticə göstərməsini gözləmək mümkün deyil. Sonra biz bunu davamiyyət problemi, kəsir və ya təhsildən uzaqlaşma kimi görürük. Amma bunların kökündə çox vaxt maddi problemlər dayanır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında əməkdar müəllim Sona Əliyeva deyib.

Qeyd edək ki, ali təhsil gənclərin gələcəyini formalaşdıran ən vacib mərhələlərdən biri hesab olunur. Lakin son illər universitet və kolleclərdə təhsil haqlarının yüksək olması minlərlə ailə üçün ciddi maliyyə yükünə çevrilib. Xüsusilə regionlardan paytaxta üz tutan tələbələr təhsil haqqı ilə yanaşı, kirayə, nəqliyyat və gündəlik yaşayış xərclərini də qarşılamaq məcburiyyətində qalırlar. Nəticədə bəzi gənclər təhsilini davam etdirməkdə çətinlik çəkir, hətta ali məktəbi yarımçıq tərk etməyə məcbur olur. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda təxminən 13 min tələbə universitet və kolleclərdən xaric edilib. Bu rəqəm ali təhsil sistemində mövcud olan sosial və iqtisadi problemləri yenidən gündəmə gətirir.

S. Əliyevanın sözlərinə görə, təxminən 13 min tələbənin təhsilini yarımçıq dayandırması xoşagələn hal deyil.

"Bu rəqəmin arxasında yarımçıq qalan arzular var. Ailələrin çətinliyi var. Ölkənin itirdiyi insan kapitalı var. Əgər bir gənc yalnız maddi imkansızlıq səbəbindən təhsildən uzaqlaşırsa, bu artıq təkcə onun şəxsi problemi deyil. Bu, sistemin sosial məsuliyyət məsələsidir. Doğrudur, Təhsil Tələbə Krediti Fondu minlərlə tələbəyə real dəstək verir. Bunu inkar etmək olmaz. Amma bu mexanizm əsasən təhsil haqqını qarşılayır. Tələbənin kirayə, qida, nəqliyyat və gündəlik yaşayış xərcləri isə yenə ailənin üzərində qalır. Əsas çətinlik də çox vaxt elə burada başlayır. Ona görə də bu məsələyə yalnız “tələbə oxumadı deyə xaric olundu” kimi baxmaq olmaz. Bir çox tələbə oxumaq istəmədiyi üçün yox, oxumağa maddi gücü çatmadığı üçün sistemdən kənarda qalır. Düşünürəm ki, dövlətimizin bununla bağlı dəstək mexanizmləri genişləndirilməlidir. Tələbə yataqxanalarının sayı artırılmalıdır. Sosial həssas ailələrdən olan tələbələr üçün yaşayış dəstəyi nəzərdə tutulmalıdır. Təqaüdlər real xərclərə uyğun şəkildə yenidən qiymətləndirilməlidir. Ali təhsil ailənin maddi imkanından asılı olan imtiyaza çevrilməməlidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az