Seminarda bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər Seminarda bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər

İnsan alveri ilə mübarizə sahəsində beynəlxalq seminar keçirildi

Seminarda bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər

Aprelin 3-4-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BMqT) və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda "Cinayət istintaq orqanlarının insan alveri ilə mübarizə sahəsində rolu" mövzusunda beynəlxalq seminar keçirilib.

Tədbir Avropa İttifaqı (Aİ) və BMqT tərəfindən dəstəklənən "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması" layihəsi çərçivəsində təşkil olunub.

Tədbirin məqsədi Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizəsinin və insan alveri qurbanlarının müdafiəsinin daha səmərəli aparılması üzrə potensialın, habelə layihəyə cəlb olunacaq hakimlərin, vəkillərin və digər təlimçilərin insan alveri ilə mübarizə sahəsində bilik və bacarıqlarının artırılmasından ibarət olmuşdur. İnsan alverinə qarşı səmərəli mübarizə üzrə əməkdaşlıq və məlumat mübadiləsini gücləndirmək də tədbirin əsas məqsədlərindəndir.

Seminarda bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçiləri, hakimlər, prokurorlar, vəkillər, Ədliyyə və Daxili İşlər nazirliklərinin əməkdaşları iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasını kollegiyanın üzvləri Günay Cəfərli və Ruslan Vəliyev təmsil edib.

İki günlük seminarda beynəlxalq, regional və yerli səviyyədə insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi məsələləri müzakirə olunub, insan alveri ilə mübarizənin müxtəlif aspektlərinə dair Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya, İsveçrə, Ukrayna, Moldova və Belarusun, İnterpolun, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələrinin təqdimatları dinlənilmiş, fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbirdə Vəkillər Kollegiyasının üzvü Günay Cəfərli “Azərbaycanda insan alveri cinayətlərində şahidlərin müdafiəsi sistemi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda bu sahədə milli və beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib.(barassociation.az)

AzNews.az

image description image description image description