- Göz önü
- 1 Oktyabr 2019 13:49
- 2 494
“Məktəblərin qarşısında energetik içkilərin satıldığı köşklərin sayı çoxalıb” - Ekspertdən həyəcan təbili
Bu, tədris prosesinə mənfi təsir göstərir
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin ilk iclasında 18 yaşına çatmamış uşaqlara energetik içkilərinin satışının qadağan edilməsi təklifi ilə çıxış edib. Bununla bağlı olan reklamların açıq şəkildə aparıldığını deyən millət vəkili energetik içkilərin 18 yaşına çatmamış uşaqlara satışının qadağan edilməsini və bu istiqamətdə addımların atılmasını dilə gətirib.
Təhsil eksperti Kamran Əsədov AzNews.az-a açıqlamasında bildirib ki, əvvəllər ölkədə 16-17 yaşlıların tütündən istifadə etdikləri müşahidə olunurdusa, bu gün yaşı 14-dən aşağı olanlar arasında siqaret çəkənlərin sayı artıb:
“Xoşagəlməz hallar bununla bitmir. Son 2 il ərzində məktəblərin qarşısında tütün, sipirtli və energetik içkilərinin satıldığı köşklərin sayı çoxalıb. Məhz azyaşlıların o zərərli maddələrdən istifadəsi nəticəsində bir çox xəstəliklər yaranır. Siqaret, tütün, energetik içkilərdə olan ziyanlı maddələr, müxtəlif boyalar əsasən xərçəngin yaranmasına şərait yaradır. Məhz son illərdə xəstəliklərin cavanlaşmasının da səbəbi budur. Bu gün qeyri-infeksion xəstəliklər dünyada baş verən ölüm və xəstələnmənin 60%-ni təşkil edir. Bunun nəticəsində də çoxsaylı insan itkiləri baş verir. Azyaşlıların energetik içkilərindən istifadə etməsi böyük bir fəlakətdir və dünya ölkələri bu problemin həllinə xüsusi diqqət yetirir. Avropa ölkələrində məktəblərin yaxınlığında bu tipli məhsulların satışı məhdudlaşdırılıb, eyni zamanda azyaşlılara, yaşı 18-dən az olanlara energetik içkilərinin satışı qadağan olunub”.
Kamran Əsədov hesab edir ki, belə obyektlər məktəblərdən uzaq olmalıdır: “Çünki uşaqlar məktəb dövründən hər şeyi örnək alırlar. Uşaqlar məktəbdən çıxanda və yaxud dərsə gələndə həmin obyektlərə gələn şəxslərə baxa və yaşlarına uyğun olmayan örnək götürə bilərlər. Onlar elə düşünürlər ki, belə yerlərə hər kəs daxil ola, rahat otura, siqaret-qəlyan çəkə və yaxud spirtli içki içə bilər. Bu uşaqlar üçün heç də yaxşı örnək deyil. Düşünürəm ki, energetik içkilər verilən obyektlərin məktəblərin bilavasitə yaxınlığında olması həm tədris prosesinin özünə, həm də uşaqların formalaşmasına mənfi təsir göstərir. Eyni zamanda, məktəblərin ətrafında tütün və spirtli içkilərin satışı qadağan olunmalıdır. Xüsusilə məktəb rəhbərliyi bu kimi problemləri dərhal aradan qaldırmalıdır”.
Bahar RÜSTƏMLİ
AzNews.az