'Xəstəlik ancaq burun-udlaqdan götürülən yaxmanın analizi vasitəsilə aşkarlana bilər' 'Xəstəlik ancaq burun-udlaqdan götürülən yaxmanın analizi vasitəsilə aşkarlana bilər'

Koronavirusun əsas əlamətləri

'Xəstəlik ancaq burun-udlaqdan götürülən yaxmanın analizi vasitəsilə aşkarlana bilər'

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsinin yanvarın 23-də keçirilən iclasında verilən məlumata əsasən, koronavirusla bağlı Çində müraciət hallarının sayı artıb və 557 nəfərdə yoluxma halı qeydə alınıb, onlardan 17-si ölümlə nəticələnib. Çin mənbələrinin məlumatlarına əsasən isə, koronavirus infeksiyalarına yoluxanların sayı 830-u, bu virus nəticəsində ölənlərin sayı isə 26-nı ötüb. Məlumata əsasən, virusun insandan insana ötürülməsi qeydə alınıb və xəstəliyin digər ölkələrə yayıla biləcəyi ehtimal olunur.

İnfeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Vasif Əliyev APA-ya açıqlamasında bildirib ki, xəstəliyin inkubasiya dövrü 2-14 gün ərzində olur. Yəni, virusa yoluxduqdan sonra şikayətlərin başlaması 2 gündən 2 həftəyə qədər davam edir:

“Xəstəlik daha çox yüksək hərarət (38-39 dərəcə), öskürək, tənəffüs yollarında problem və burun axıntısı ilə müşahidə oluna bilər. Ağırlaşma dərəcəsi insana görə dəyişir. Sağlam insanlarda, cavanlarda bu xəstəlik daha yüngül formada keçir. 65 yaşdan yuxarı, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, xroniki ürək xəstəliyi olan insanlarda, onkoloji, revmatoloji xəstəlik səbəbindən dərman istifadə edənlərdə xəstəlik daha ağır keçə bilir”.

Həkimin sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün xəstəliklə bağlı şikayətləri, yüksək temperaturu olan insanlardan uzaq durmaq lazımdır:

“Davamlı olaraq əl yuyulmalı, qalın geyinilməlidir. Canlı və ölü heyvanlarla təmasdan qaçmaq lazımdır. Çünki bu xəstəlik heyvanlardan keçir. Koronavirus Çində dəniz məhsulları satılan bir marketdə olan insanlarda aşkarlanıb. Daha sonradan bilindi ki, yalnız heyvanlarla yox, insanla təmasdan da bu xəstəlik keçə bilir. Orada yoluxan insanların ailə üzvlərində də koronavirus aşkarlandı”.

V.Əliyev qeyd edib ki, koronavirus daha çox gəmiricilər, dəvə, yarasa və pişikdə olan bir virusdur. Bu xəstəlik qida vasitəsilə keçmir. Daha çox virusa yoluxan heyvanlarla təmas nəticəsində insana keçir, yəni, tənəffüs yolu ilə keçən xəstəlikdir:

“Xəstəliyin konkret müalicə üsulu yoxdur. Bu xəstəliyə qarşı nə peyvənd, nə immunoterapiya, nə də virus əleyhinə dərman müalicəsi var. Ona görə ən gözəl yol təmasdan qaçmaqdır. Xəstəliyin tüğyan etdiyi ölkələrdən, əsasən də Çindən, Tailanddan gələn insanların temperaturu varsa, həmin insanlar nəzarətə götürülməlidir. Həmin insanlar hava limanında yoxlanılmalı, virusa yoluxub-yoluxmadıqları araşdırılmalıdır”.

İnfeksionist vurğulayıb ki, xəstəlik ancaq burun-udlaqdan götürülən yaxmanın analizi vasitəsilə aşkarlana bilər.

Qeyd edək ki, Azərbaycanın Səhiyyə Nazirliyi bir neçə gün əvvəl Çində yeni yayılmış koronavirusun səbəb olduğu sətəlcəmin alovlanması ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və nazirlik beynəlxalq səfərlər və ticarət əlaqələri zamanı vətəndaşları diqqətli olmağa çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarını ölümcül virusla bağlı xəbərdar edib.

AzNews.az