"Təhsil müəssisələrində tədrisin aparılması təhlükəli ola bilərdi" - Kamran Əsədov

"Bu, vaxtında atılmış addım idi"

"Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqeləri, habelə mülki əhali iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulur. Ermənilər tərəfindən hücuma məruz qalan obyektlər sırasında məktəblər də var. Buna görə də, son hadisələrin nəticəsi olaraq müəllimlərin və şagirdlərin təhlükəsizliyini nəzərə alaraq cəbhə bölgəsində 1200-dən çox məktəbin fəaliyyətini dayandırmışdı.Mart ayından etibarən pandemiya səbəbindən tədris prosesi dayandırıldı və şagird, tələbələr onlayn təhsilə keçdi. İndi isə ölkə müharibə şəraitindədi. İnternetdən istifadə imkanları tamamilə məhdudlaşdırılıb. İnsanlar müxtəlif VPN proqramlarla başqa-başqa ölkələrin adresləri ilə internetdən istifadə edirlər".

Bu sözləri AzNews.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, bütün bunları nəzərə alaraq ölkədə ali və orta ixtisas təhsil müəssisələrində dərslər ya ənənəvi formada tədris olunmalı, ya da konkret olaraq dərslərə ara verilməli idi.

"Çünki təhlükəsizlik səbəbi ilə təhsil müəssisələrində tədrisin aparılması təhlükəli ola bilərdi. Bütün bunları nəzərə alaraq, 19 oktyabrdan 2 noyabra qədər tətil elan olundu. Bu, vaxtında atılmış addım idi", - deyə təhsil eksperti qeyd edib.

K. Əsədov münaqişə başa çatdıqdan sonra tətil günlərinin və kompensasiyaedici tədris proqramları hesabına bu boşluqları aradan qaldırmağın mümkün olduğunu vurğulayıb.

"Düzdür, xüsusilə təhsildə məhdudiyyətlər ibtidai siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərəcək, amma irəliləyən aylarda tədrisdə nəzərdə tutulmuş tətil günləri hesabına bunların əvəzedilməsi mümkündür", - o əlavə edib.

Səidə

AzNews.az