Dərmanlara pul verməkdənsə, sağlam qidalanın - Dietoloq

Artıq çəkidən əziyyət çəkən insanların sayı xeyli çoxdur. Gündən-günə artan piylənmə artıq ciddi problemlərdən hesab olunur. Sadə görünən bu məsələ zamanla çox ciddi xoşagəlməz nəticələrə səbəb ola bilər. Problemin daha çox yayılmasına səbəb nədir? Bununla necə mübarizə aparaq?

“Təbii ki, artıq çəkidən əziyyət çəkən insanların sayı çoxdur və gündən-günə də artır. Artıq piylənmə 21-ci əsrin epidemiyası adlanır. Piylənmə digər xəstəliklərin yaranmasına da səbəb olur. Artıq çəki həm də ürək-damar sistemi problemi, şəkərli diabet, alzaymer kimi xəstəliklərin yaranmasının ehtimalını artırır. Buna görə də artıq çəki sosial olaraq da yükdür. Çünki bu xəstəliklər daima müalicə tələb edir”.

Bu sözləri AzNews.az-a açıqlamasında dietoloq Tutu Zeynalova bildirib.

O qeyd edib ki, bu, insanların ömrünü qısaldan xəstəliklərdir. Artıq çəki ilə mübarizə apararaq biz bu sadaladığımız xəstəliklərin də qarşısını alırıq. Nəticə də daha sağlam yaşamaq şansı əldə edirik. Bu gün nə qədər artıq çəkidən danışılsa da, bu problemdən əziyyət çəkənlərin sayı daha da artır. Buna səbəb müasir insanın zamanının az olması və komforta öyrəşdiyi üçün hazır qidaların rasionuna girməyidir. Bundan əlavə də fiziki aktivliyin az olması da təsir edir.

Dietoloq artıq çəki probleminin yaranmasında sosial medianın da rolunun olduğunu vurğulayıb.

“Sosial mediada keçirilən zamanın da buna təsiri var. İnsan sosial şəbəkələrə daxil olanda zamanın necə keçdiyinin fərqində olmur. Bu da insanın yuxu rejiminin pozulmasına təsir edir. Yuxu rejiminin pozulması da kökəlməyə səbəb olan amillərdən biridir. Hətta gecə növbəsində çalışan insanların artıq çəki problemi digər insanlardan 27% daha çoxdur. İnsanlar artıq çəkidən əziyyət çəkmək istəmirsə, gecə saat 11-də yatmaq tövsiyə olunur. Əks halda biz yağ yandıran hormonlarımızı normal sintez edə bilmirik”, - deyə o əlavə edib.

T. Zeynalova onu da qeyd edib ki, yediyimiz qidalarda qatqı maddələrinin çox olması hormonal pozuntulara gətirib çıxarır.

“Hormonla böyüdülən toyuq və digər qidalar sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb olur. İnsanlar həyatında müsbət yöndə dəyişiklik etməlidirlər. Yetərincə yatmaq, hər gün ən azı 30 dəqiqə ərzində gəzmək, düzgün şəkildə maksimum 3 dəfə qidalanmaq lazımdır. Bu gün insanlar sağlam qidaların nə qədər bahalı olduğundan şikayət edirlər. O dərmanlara pul verməkdənsə, sağlam qidalanmaq daha yaxşıdır.

Qidalanma zamanı boşqabdakı qidaları üç yerə bölmək daha yaxşı olar. Bunlardan biri moyanezsiz salatlar, digər hissəsində ət və çörək qrupunda yer alan qidalar ( karbohidratlar) olsun. Bu şəkildə insanlar həm tez doyacaq, həm də sağlam seçimlər etmiş olacaq. Meyvələri öz mövsümündə yemək daha çox məsləhət olunur. Lifli qidalardan nə qədər istifadə etsək, bir o qədər də bağırsaqlarımızı dəstəkləmiş olacağıq. Bu gün 10 xəstədən 7-də qəbizlik problemi var. Bu da bizim kökəlməyimizə və bədənimizin toksinləşməyinə səbəb olur. Qəbizlik problemi xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Ona görə də bununla mübarizə aparmalıyıq”.

Ayan Rzayeva