Elman Cəfərli: "Naxçıvan ciddi eko-təhdidlə üz-üzədir"

“Naxçıvan eko-terrorla üz-üzədir. Ermənilərin daha bir cinayətinə göz yummamalıyıq”

Bu sözləri AzNews.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

O bildirib ki, Ermənistan Amerika şirkəti ilə birlikdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar yatırılacaq:

"Ermənistan mətbuatının yaydığı məlumata əsasən bu, böyük istehsal müəssisəsi olacaq. Belə ki, zavodun sahəsinin 16 500 kvadratmetr olması nəzərdə tutulur. Bu müəssisə zərərli istehsalat tullantılarını Araz çayına axıdacaq”.

E. Cəfərli qeyd edib ki, bu xəbər Azərbaycanda böyük narahatlıqla izlənilir:

“Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və vətəndaş cəmiyyəti institutları məsələ ilə bağlı etiraz bəyanatları veriblər. Əvvəla, Ermənistan “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozub. İrəvanın özünün də imzaladığı həmin konvensiyaya görə, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Biz narahat edən əsas məsələ odur ki, ermənilər 30 illik işğal dönəmində Azərbaycanın yeratlı sərvətlərinə, flora və faunasına, meşə örtüyünə, su resurslarına qarşı amansız terror siyasəti həyata keçirib. Sərvətlərimiz barbarcasına talanıb. Torpaqlarımızda zərərli tullantılar basdırılıb, zəhərli maddələr çaylarımzıa axıdılıb. Transərhəd Oxuçayın başına gətirilənlər göz önündədir. Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Bununla bağlı ekoloqlarımız, vətəndaş cəmiyyəti fəalları dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib”.

O əlavə edib ki, ermənilər bu cinayəti də əcnəbi sərmayə ilə - Almaniya şirkəti “Cronimet”lə birgə ediblər:

“ Hesab edirik ki, Arazdəyəndə tikilən metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Araz çayı onsuz da Ermənistan tərəfindən kifayət qədər çirkləndirilib.

Araz çayının sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yer tutur. Razdan, Çarensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. 1980-ci illərdə Razdana buraxılan çirkab sularının orta illik miqdarı 210 mln. m3 təşkil etmişdi. Yay aylarında Arazda səviyyə aşağı düşdüyü dövrdə Razdanda çirkab sularının sərfi azalmır. Nəticədə "Araz" su qovşağı su anbarında çox təhlükəli vəziyyət yaranır. İsti hava şəraitində suyun "çiçəklənməsi" baş verir və balıqların kütləvi qırılmasına səbəb olur”.

E. Cəfərli son olaraq vurğulayıb ki, biz vətəndaş cəmiyyəti olaraq həyəcan təbili çalır, beynəlxalq təşkilatlara müraciət etməliyik.

“BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi bu fakta reaksiya verməlidir. Biz dünya ictimaiyyətini Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq. Təbiət, su resursları hamınındır. Ermənistandakı ekofəallar da bu məsələyə reaksiya verməli, hökuməti bu ekocinayətə son qoymağa çağırmalıdırlar. Arazdəyəndəki metallurgiya müəssisəsi işə düşərsə Araz çayının çirklənməsi daha da artacaq. Ərtaf mühitin çirklənməsi sürətlənəcək. Çayın və bölgənin eksositeminə ciddi ziyan vurulacaq. İnsanlarda müxtəlif xəstəliklər yayılacaq. Bir sözlə, Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan ciddi eko-təhdidlə üz-üzədir. Ermənilərin növbəti eko-terroruna göz yummamalı, bunu dayandırmalıyıq”.

Ayan Rzayeva