Qəbul imtahanının suallarına yenidən baxılması TƏKLİF EDİLİR

“DİM-in mütəmadi olaraq “imtahanlarda çətin, orta və asan sualların balansı qorunur” ifadəsi sadəcə mexaniki və təkrarlanan bəhanəyə çevrilib. Çünki real nəticələr və imtahan iştirakçılarının reaksiyaları göstərir ki, bəzi test variantlarında bu balans ya mövcud deyil, ya da kobud şəkildə pozulub”.

Bu sözləri AzEdu.az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov söyləyib.

“II və III ixtisas qrupları üzrə qəbul imtahanları ilə bağlı ictimaiyyətin və iştirakçıların kütləvi narazılığı, Dövlət İmtahan Mərkəzinin fəaliyyətində bir daha ciddi metodoloji və məsuliyyət böhranını üzə çıxardı. Abituriyentlər tərəfindən səsləndirilən əsas ittihamlar – sualların dərslik və proqramlardan kənar olması, cavab variantlarında məntiqsizlik, bəzilərinin isə tamamilə səhv hazırlanmasıdır".

Əgər DİM sualları həqiqətən də hazırda qüvvədə olan təhsil proqramına və dərsliklərə əsasən hazırladığını bildirirsə, bəs hansı izahla tarix dərsliyində yer almayan və ya yanlış təqdim olunan faktlar imtahan tapşırıqlarına salınır?

Məsələn, imtahanda təqdim olunan bəzi suallar 10 və ya 11-ci sinif dərsliklərində yer almayan və ya fərqli kontekstdə verilən mövzulara əsaslanıb. Bu hal, “Azərbaycan Respublikasının Təhsil haqqında” Qanununun 18.1-ci maddəsində qeyd olunan – biliklərin dövlət standartları və proqramları əsasında qiymətləndirilməsi tələbi ilə tam uyğunluq təşkil etmir. Bu isə bəzi abituriyentlərdə haqlı narahatlıq doğurur.

Bundan əlavə, bəzi iştirakçılar imtahan suallarının çətinlik səviyyəsinin balanslaşdırılmasında problemlərin olduğunu bildiriblər. Onların fikrincə, bəzi test variantlarında asan, orta və çətin sualların proporsiyası qorunmayıb və bu da nəticələrin obyektivliyinə təsir edə bilər. Xüsusilə tarix fənni üzrə bəzi sualların mövcud dərs vəsaitləri ilə öyrənilməsi çətin olan faktlara əsaslanması, bəzən isə vaxt baxımından tələbkar olması diqqət çəkib".

Müsahibimiz qeyd edib ki, hazırda abituriyentlər və onların valideynləri haqlı olaraq ikinci imtahan şansında sualların daha yumşaq və ədalətli tərtib olunmasını gözləyirlər.

“Bu, təkcə psixoloji ehtiyac deyil, həm də obyektiv tələbdir. Çünki eyni fənn üzrə birinci mərhələdə verilmiş yüksək çətinlikli və ya səhv suallar sonrakı mərhələdə iştirak edəcək abituriyentlər üçün ədalətsiz rəqabət mühiti yaradır. Əgər DİM bu balansı qorumaq iqtidarında deyilsə, bu artıq sadəcə texniki yox, sistem böhranıdır.

Beynəlxalq təcrübədə qəbul imtahanı aparan qurumlar – məsələn, ETS (ABŞ) və ya UCAS (Britaniya) – sualları hazırlayarkən onları əvvəlcədən pilot imtahanlarda sınaqdan keçirir, çətinlik əmsalını statistik modellərlə ölçür və ictimai hesabatlarda bu göstəriciləri paylaşır. Azərbaycanda isə nə kalibrasiya sistemi var, nə də sualların elmi ekspertizası ictimai nəzarətə açıqdır”.

"Əgər Dövlət İmtahan Mərkəzi təhsil sisteminin etibarlılığını və ictimai etimadı qorumaqda maraqlıdırsa, keçirilmiş imtahanlarla bağlı ətraflı izahat verməsi faydalı olar. Bu izahata hər bir sual üzrə istifadə edilmiş mənbələr, istinad edilən səhifələr və qiymətləndirilən bacarıqların aydın şəkildə təqdim edilməsi daxil edilməlidir",-deyə K.Əsədov qeyd edib.

"Bundan əlavə, imtahan nəticələrinin obyektivliyi təmin edilməli, yarana biləcək texniki və məzmunla bağlı qeyri-dəqiqliklər araşdırılmalı, mümkün uyğunsuzluqlarla bağlı tədbirlər görülməlidir. Zərurət olduqda, suallara yenidən baxılması, nəticələrin dəqiqləşdirilməsi və müvafiq abituriyentlərin hüquqlarının təmin olunması vacibdir.

Bu cür addımlar şəffaflığın və ictimai etimadın möhkəmləndirilməsinə töhfə verə bilər və ümumilikdə, təhsil sisteminin dayanıqlılığına müsbət təsir göstərəcək".