Tanınmış vəkil İctimai Şuraya üzv olmaq istəyir

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzvlərin seçilməsi elan edilib — tanınmış ictimai fəallar da namizədlər sırasındadır

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa, Prezidentin həmin qanunun tətbiqi ilə bağlı müvafiq Fərmanına və Nazirlər Kabinetinin təsdiq etdiyi “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən, 2 iyun – 3 iyul 2025-ci il tarixlərində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması məqsədilə namizədlərin qeydiyyatı aparılıb.

Qeydiyyat nəticəsində 27 nəfər namizəd qeydə alınıb.

Namizədlər sırasında ictimaiyyətə tanınan hüquqşünas və vəkillər, vətəndaş cəmiyyətinin fəal nümayəndələri də yer alır. Onlar arasında:

  • Yaqubova Sima Sədrəddin qızı – “Azərbaycan Hüquqşünasları Konfederasiyası” İctimai Birliyinin nümayəndəsi, tanınmış hüquqşünas və vəkil;
  • Mustafayeva Samirə Vəli qızı – “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin rəhbəri, tanınmış ictimai xadim;
  • Məmmədzadə Bəhruz Qasım oğlu – “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin nümayəndəsi, 44 günlük Vətən müharibəsinin iştirakçısı

kimi nüfuzlu şəxslər də mövcuddur.

Səsvermə prosesi 28 iyul 2025-ci il, saat 10:00-dan 16:00-dək, Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri regional miqrasiya baş idarəsinin inzibati binasında (ünvan: Bakı şəhəri, Atatürk prospekti 189) keçiriləcək. Seçkilər gizli səsvermə yolu ilə aparılacaq və vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərinin iştirakı ilə baş tutacaq.

Səsvermədə iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları, nümayəndələri barədə müvafiq sənədləri Seçki Komissiyasına təqdim etməlidirlər. Seçkilərin təşkili və keçirilməsi prosesinə Seçki Komissiyası nəzarət edir.