DİM kiber hücuma məruz qalıb?

"DİM yenidən kiber hücumla üz-üzə qalıb. Artıq açıq şəkildə görünür ki, bu sahədə ciddi boşluqlar var. İmtahan sisteminə, nəticələrin ədalətli və şəffaf şəkildə aparılmasına olan inam sarsılır. Belə hallar yalnız bir problemi üzə çıxarmır və bütöv bir sistemin zəifliklərini göstərir".

Bu barədə təhsil eksperti Məzahir Məmmədli öz Facebook səhifəsində yazıb. O, daha sonra bildirib:

"Əgər qəbul prosesində texniki və inzibati mexanizmlər kifayət qədər etibarlı deyilsə, bu, istənilən anda saxtakarlıq və dələduzluğa qapı açır. Nəticədə isə təkcə təqsirkarlar yox, günahsız abituriyentlər, onların ailələri və gələcək arzuları da zərər görür.

Dostumuz Osman Gündüz də bu məsələ ilə bağlı haqlı narahatlığını bildirib. Əgər artıq bu məsələ ilə bağlı həbs olunanlar varsa, deməli məsələ çox ciddidir. Bu həm də onu göstərir ki, nəticələri ləğv edilənlər, haqsız yerə sistemdən zərər görənlər olacaq. Nə qədər ki, qəbul qaydaları və sistem şəffaf və sadə şəkildə qurulmayıb, belə xoşagəlməz halların qarşısını almaq mümkün olmayacaq".

Xatırladaq ki, DİM kiber hücuma məruz qalması barədə rəsmi açıqlama verməyib.

AzNews.az